Rıza Kayaalp: “Bakıda özümü evimdəki kimi hiss edirdim”

17 İyun 2015 10:30 (UTC+04:00)

Movqe.az-ın  məlumatına görə, 26 yaşlı  güləşçi Bakıda ona göstərilən dəstəyə görə Azərbaycan xalqına minnətdarlığını bildirib.

 

"Bakıda özümü evimdəki kimi hiss edirdim. Hətta öz evimidən belə yaxşı. Türkiyədən bizə dəstək olmaq üçün bura gələn görmədim.  Azərbaycanda isə güləş yarışları keçirildikdə  tribunalar dərhal dolur. Yarışları 8-9 min tamaşaçı izləyir. İnanılmaz bir dəstək görürük arxamızda", deyə Riza Kayaalp bildirib.

 

İdmançı qeyd edib ki, güləş Azərbaycanda ən məşhur idman növlərindən biridir: "20 idman növünün yer aldığı Avropa Oyunlarında ən çox tamaşaçı güləş yarışlarını izləyir. Azərbaycanlılar güləş turnirlərinin birini də nəzərdən qaçırmırlar. Həm də tribunada gözəl atmosfer yaradırlar".

 

Riza Kayaalp deyib ki,  Türkiyədə güləş aparıcı idman növlərindən biri sayılsa da, ona  gözlənilən maraq göstərilmir: "Bir çox insan güləşçiləri tanımır. Hətta futbola gələn tamaşaçıların sayı azalır. Xalqımız artıq idmanı televiziyadan, kreslosundan seyr etməyə üstünlük verir".

 

Avropa Oyunlarının qızıl medalını qazanan türkiyəli güləşçi Riza Kayaalp qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurmaqla qeyd edib.

 

Qeyd edək ki, Riza Kayaalp 2010-cu ildə Bakıda keçirilən Avropa çempionatının qalibi olub.