İyunun 16-da imtahan verənlərin nəzərinə!

17 İyun 2015 11:55 (UTC+04:00)

TQDK iyunun 16-da keçirdiyi növbəti buraxılış imtahanlarının nəticəsini yaxın günlərdə açıqlayacaq. Bu barədə Movqe.az-a TQDK-dan məlumat verilib. Məlumatda bildirilir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da Xocavənd, İmişli, Füzuli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Lənkəran, Astara, Lerik, Yardamlı, Cəlilabad və Masallıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. 9-cu sinif şagirdləri üçün imtahan saat 10:00-da başlanmış və 2 saat ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanmış və 2 saat 45 dəqiqə müddətində aparılıb. İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərmiş, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanmış və imtahan prosesinin gedişi nəzarətdə olmuşdur. Bütün mərkəzlərdə şagirdlər üçün normal imtahan şəraiti yaradılmış və proses təlimata uyğun aparılmışdır. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.