Azərbaycan parlamentinin sədri: "İstərdik ki, Macarıstan parlamenti Xocalı faciəsinə də münasibət bildirsin”

17 İyun 2015 18:25 (UTC+04:00)

Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Macarıstan Milli Assambleyasının sədri Laszlo Köverin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


Movqe.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, O. Əsədov Bakıda I Avropa Oyunlarının keçirildiyi vaxta təsadüf edən bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcəyini bildirib.

 

Milli Məclisin sədri qonağa Bakı-2015 I Avropa Oyunları barədə məlumat verib. O, Oyunlarda geniş nümayəndə heyəti ilə iştirak edən Macarıstan idmançılarının böyük nailiyyətlər qazandıqlarına diqqəti cəlb edib.

 

Azərbaycan-Macarıstan əlaqələrindən danışan O. Əsədov bu əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək deyib: "Dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin inkişafında mühüm rol oynayır. Bu cür səfərlər iki ölkə arasında hüquqi bazanı daha da möhkəmləndirəcək. İndiyədək Azərbaycan ilə Macarıstan arasında 40 sənəd imzalanıb".

 

Milli Məclisin sədri iqtisadi əməkdaşlığın da genişləndirilməsinin vacibliyini vurğulayıb: "Ölkələrimizin iqtisadi sahədə böyük potensialı var. Son dövrlər bu sahədə artım müşahidə olunur."

 

O. Əsədov Dağlıq Qarabağ münaqişəsindən də söhbət açıb. O bildirib ki, bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, bir milyondan artıq azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilib: "Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlıdır. BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar Ermənistanın işğal altında saxladığı torpaqları geri qaytarması barədə qərar və qətnamələr qəbul etməsinə baxmayaraq, rəsmi İrəvan bu gün də təcavüzkar siyasətini davam etdirir. Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, sülh yolu ilə həllinə tərəfdardır".

 

Milli Məclisin sədri Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamə hazırladığını və yaxın zamanlarda həmin qətnaməyə baxılacağını xatırladaq deyib: "İstərdik ki, Macarıstan parlamenti Xocalı faciəsinə də münasibət bildirsin".

 

Macarıstan Milli Assambleyasının sədri L. Köver isə Azərbaycanda gedən inkişaf proseslərindən məmnunluğunu ifadə edib. Birinci Avropa Oyunlarından danışan L. Köver bu Oyunların yüksək səviyyədə keçirildiyini söyləyib. O, Azərbaycan idmançılarına uğurlar arzulayıb, onların daha çox medal qazanacağına inandığını deyib.

 

L. Köver bildirib ki, iki ölkə arasında əlaqələr sürətlə inkişaf edir: "Yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərin inkişafında mühüm rol oynayır. Parlamentlərarası əlaqələrin də inkişafı məmnunluq doğurur".

 

Görüşdə bildirilib ki, Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Problemin həll edilməsi üçün beynəlxalq ictimaiyyət ciddi səy göstərməlidir, münaqişə ilə bağlı qəbul edilən bütün sənədlər mütləq yerinə yetirilməlidir.