Ramazanda toy etmək, ölüyə ehsan vermək olar?

18 İyun 2015 18:03 (UTC+04:00)

Bu gün müsəlman dünyasının mübarək Ramazan ayını  başlayıb. Azərbaycan müsəlman ölkəsi sayıldığından, ölkəmizdə də oruc tutanların sayı kifayət qədərdir. Çoxları İslam dinində 5 vacib əməldən biri sayılan orucun şərtləri barədə məlumatlı olsalarda, hər il Ramazan ayı başlayanda oruc, orucu batil edən səbəblər və sair barədə müxtəlif suallar yaranır. Movqe.az hər zaman mübahisələrə səbəb olan bəzi məqamlara aydınlıq gətirmək üçün ilahiyyatçı  Kənan Rövşənoğlu söhbətləşib.  K. Rövşənoğlu bizimlə söhbətində bildirdi ki, Ramazan Allahın insanlara bəxş etdiyi nemət ayı sayılır. Ona görə də Ramazan ayında oruc tutmaq hər bir müsəlmana vacib buyrulur. Amma bununla belə "orucu kimlər tuta bilər, kimlər tuta bilməz" sualları yaranır.  K. Rövşənoğlu deyir ki, oruc tutmaq tibbi baxımdan sağlam insanlara vacibdir: "Əgər hər hansı bir insanın həkim gün çıxandan, gün batana qədər ac qalmasını məsləhət görmürsə, belə insanlar oruc tutmaya bilərlər.  Belə insanların oruc tutması dində günah sayılır. Çünki Allah təala orucu sağlam insanlara vacib sayır.  Əgər hamilə və uşağına süd verən qadınlara da həkim ac qalmağı tövsiyyə etmirsə onlar oruc tutmamalıdırlar".

Onun sözlərinə görə, sözlərinə görə, hər zaman mübahisələrə səbəb olan digər məqam orucu batil edən amillərlə bağlıdır: "Əsas amillər yemək, içmək sayılır. Amma cinsi əlaqə, bədəni qüvvətləndirən iynələr, buruna damızdırılan dərmanlar və başqa bu kimi yemək-içməyə bənzər şeylər, özünü qusdurmaq, heyz və nifas qanı, şəhvətlə bilərəkdən məni (sperma) ifraz etmək orucu batil edir. İmalə də orucu batil edir. Bəzən oruc tutan insanlar siqaret çəkirlər. Bu düzgün deyil. Çünki siqaret çəkmək orucu batil edir. Əgər kimsə müalicə olunduğu səbəbindən iynə vurdurursa bu orucu pozmur. İynənin tərkibində vitamin varsa bu zaman oruc pozulur. Ətir vurmaq orucu batil etmir. Ümumiyyətlə oruc tutan qadının kosmetik vasitələrdən istifadə etməsi orucu pozmur. Amma gərək dodaq boyası çəkən qadının boya boğazına getməsin.  Oruc tutan insanın qeybət edib onun-bunun arxasınca danışması da düzgün deyil. Oruc tutan insanlar yanaq-yanağa öpüşərlərsə oruc pozulmaz. Hətta diş fırçalamaq belə orucu pozmur. Yalnız bu halda su boğaza getməməlidir. Bilməyərəkdən yemək yemək və yaxud su içmək də orucu pozmur. Oruc olduğu yadına düşən halda son tikəsini boğazından geri qaytarırsa, belə halda oruc pozulmur".

Bəzi əməllər var ki, əksər insanlar o əməlləri Ramazan ayı boyunca etmirlər. Bu əməllərə Ramazan ayında toy etmək, kəbin kəsdirmək, saça boya qoydurmaq və sair aiddir. Amma K. Rövşənoğlu bu əməllərin heç birinin Ramazanda günah sayılmadığını söyləyir. Onun sözlərinə görə, Ramazan ayında toy etmək, kəbin kəsdirmək olar: " Bu ay bərəkət ayıdır. Ramazan matəm ayı deyil. Ona görə də xoş niyyətli hər bir şey etmək olar. Yalnız bir halda ki, ramazan orucuna təsir etməsin. Əksinə, toyda yemək iftar vaxtına düşərsə bu savabdır. Ramazan ayında oruc tutan adam saçına boya da qoya bilər. Amma Ramazan ayında əzizi ölənə iftar vaxtı çatmamış ehsan verilməsi düzgün deyil. Bu ölüyə xeyir yox, zərər gətirər".