Sahibkarlara 88,4 milyon manat kredit verilib
18 İyun 2015 22:08 (UTC+04:00)
Bu ilin ötən dövrü ərzində 2700-dən çox sahibkara
88,4 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə
etməklə investisiya layihələrinin reallaşdırılması 6200-dən çox
yeni iş yerinin yaradılmasına imkan verir. ANS PRESS-in məlumatına görə, bunu İqtisadiyyat və Sənaye
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) Gədəbəy
rayonunun Slavyanka kəndində sahibkarlığın güzəştli
kreditləşdirilməsi məsələlərinə dair keçirdiyi işgüzar forumda
fondun icraçı direktoru Şirzad Abdullayev deyib.
Bildirilib ki, ümumilikdə indiyədək Gəncə-Qazax
iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin
5374 investisiya layihəsinin maliyyələşdirilməsinə 197,5 milyon
manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir
texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl
anbarlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq
kompleksinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı,
tikinti materialllarının istehsalı müəssisələrinin, istixana,
intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə
investisiya layihələri maliyyələşdirilib, 24 mindən çox yeni iş
yerinin açılması imkanı yaradılıb.
İşgüzar forum çərçivəsində Gədəbəy və ətraf
rayonlardan olan 61 sahibkara 1,4 milyon manat güzəştli kredit
verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik,
üzümçülük, kartofçuluq, quşçuluq, limonad istehsalı və s. sahələrin
inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına
120-dən çox yeni iş yerinin açılması mümkün
olacaq.
Forum çərçivəsində Gədəbəy rayonunun Zəhmət
kəndində güzəştli kredit ayrılmış ildə 6 milyon litr limonad
istehsal etmək gücündə olan zavodun fəaliyyətinə baxış keçirilib.
Zavoda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,6 milyon manat
kredit verilib. Hazırda müəssisədə 50-yə yaxın işçi
çalışır.
İşgüzar forumun məqsədi sahibkarlara güzəştli
kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların
verilməsi, Gədəbəydə həyata keçirilməsi məqsədəuyğun hesab olunan
nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit
təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların
investisiya layihələrinin
maliyyələşdirilməsidir.
Səksənə yaxın sahibkarın iştirak etdiyi forum
çərçivəsində Gədəbəy rayonunun iqtisadi potensialının
reallaşdırılması məqsədilə prioritet hesab olunan
ixtisaslaşdırılmış "yaşıl market"in, cins heyvandarlıq,
kartofçuluq, yüksək məhsuldar kartof toxumçuluğu və arıçılıq
təsərrüfatlarının, meşə meyvələrinin, balın sənaye üsulu ilə emalı
və qablaşdırılması, şirniyyat məhsullarının istehsalı
müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin
təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi
dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına
maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və
metodiki materiallar paylanıb.