İdmanı siyasətə çevirənlərə qarşı dünyada etiraz artır

19 İyun 2015 10:47 (UTC+04:00)

Dünya idman tarixində ən mühüm hadisələrdən biri olaraq dəyərləndirilən ilk Avropa Oyunlarına beynəlxalq miqyasda maraq kifayət qədər yüksəkdir. Bunu Avropa Oyunları barədə dünya mediasında yayılan çoxsaylı məlumatlar, Oyunları yüz milyonlarla tamaşaçı kütləsinin izləməsi də aydın şəkildə sübut edir.

Yarışlara qatılan əcnəbi idmançılar və Oyunları izləmək üçün gələn çoxsaylı turistlər isə Azərbaycana heyran qaldıqlarını hər fürsətdəcə etiraf edirlər. Bütün bunlar isə Avropa Oyunları fonunda Azərbaycana qarşı kampanya aparanların siyasətinin iflasa uğramasının daha bir real təzahürü hesab edilə bilər.

Əslində, belə kampaniya aparanlara qarşı artıq Azərbaycan sərhədlərindən kənarda da böyük etiraz kampaniyası aparılması müşahidə olunur və bu proses getdikcə daha geniş vüsət alır. Boks üzrə keçmiş dünya çempionu Nikolay Valuyev bir sıra Qərb dairələrinin "Bakı 2015" I Avropa Oyunlarına qarşı münasibətini tənqid edərək bildirir ki, Avropa Oyunlarını məqsədyönlü əks-təbliğat və siyasi təzyiq obyektinə çevirmək cəhdləri əsassızdır. Valuyev Oyunların açılış mərasimində iştirak etməyən Avropa liderlərinin əsl simalarını göstərdiyini vurğulayıb. Rusiyalı boksçunun sözlərinə görə, idman siyasətdən kənardır, idmanın siyasiləşdirilməsi və ya siyasi möhtəkirlik obyektinə çevrilməsi isə qəbuledilməzdir.

Məsələ ilə bağlı "Neurope.eu" saytı isə yazır ki, Avropa Oyunlarını bütün qitəni birləşdirən böyük idman bayramı kimi qəbul edənlərlə yanaşı, diqqəti tamam başqa istiqamətlərə yönəldənlər də tapılır: "Ənənəvi qaydada idmanla heç bir əlaqəsi olmayan məqamlar - Azərbaycanın daxili məsələləri kəskin şəkildə qabardılır. İnsan haqlarının durumuna görə Azərbaycanı tənqid edən Qərb mediası heç problemin təfərrüatına varmaq istəmir və ardıcıl şəkildə eyni ittihamları təkrarlayır… Artıq Qərb mediası və təşkilatlarının hansısa irimiqyaslı tədbir ərəfəsində təşkilatçı ölkələrə qarşı kampaniyası o qədər açıq və əcaib forma alıb ki, bunu həmin kampaniyada iştirak etməyən xarici jurnalist dairələri də aydın şəkildə hiss etməyə başlayıblar… Azərbaycan siyasi forum, zirvə görüşü və ya sammit deyil, idman yarışı keçirir! Azərbaycan bütün Avropaya bir idman bayramı yaşatmaq istəyir. Cavabında isə qısqanclıq və qərəzlə "mükafanlandırılır".

Bu günlərdə isə Almaniyanın "Berlinertageszeitung" qəzetində Almaniya mediasının ilk Avropa Oyunları üzərindən Azərbaycana qarşı hücumları tənqid olunub. Məqalədə bildirilir ki, son həftələr Almaniya KİV-lərində qitə tarixində ilk böyük idman hadisəsi olan Avropa Oyunlarının keçirildiyi Azərbaycan haqqında mənfi məqalələrin sayı artıb: "Təəssüf ki, bu, Almaniya mediasının tənqidindən çox, Azərbaycan haqqında qarayaxma kampaniyasıdır. Halbuki Azərbaycana qarşı insan haqları haqqında ittihamların irəli sürülməsinə heç bir səbəb yoxdur. Azərbaycan Respublikası 12-28 iyun tarixini əhatə edəcək ilk Avropa Oyunlarını işıqlandırmaq məqsədilə bütün xarici jurnalistləri obyektiv şəkildə akkreditasiyadan keçirib. Bu, alman jurnalistlərə də aiddir".

Məqalədə Azərbaycana qarşı söz azadlığı ilə bağlı ittihamların da yanlış olduğu qeyd olunur: "Söz və informasiya azadlığı Azərbaycan Konstitusiyasında təsbit olunub. Ölkədə çoxsaylı radio və televiziya ilə yanaşı, Azərbaycan, rus və ingilis dillərində çap olunan yüzlərlə qəzet, həmçinin 50-dən çox xəbər agentliyi fəaliyyət göstərir. Bununla yanaşı, əhalinin 70 faizi internet istifadəçisidir. İnternet resurslarına heç bir məhdudiyyət yoxdur. Sərbəst toplaşmaq azadlığı təmin olunur. Azərbaycanda hər hansı icazəsiz nümayişlər dinc və insidentsiz baş tutur". Qəzet qeyd edir ki, Azərbaycanda heç bir şəxs jurnalistlik, yaxud siyasi fəaliyyətinə görə həbs olunmayıb: "Azərbaycan Qərb demokratiyasında olduğu kimi, jurnalistlərə qanunvericiliyə əsasən toxunulmazlıq statusu verib. Bəzi bloqer və jurnalistlərin iddia etdiyinin əksinə olaraq, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da hər hansı cinayət əməli cəzasız qalmır".

Qərb mətbuatında Azərbaycanla bağlı neqativ məlumatlara şərh verən İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo isə bildirib ki, idman və siyasəti qarışdırmaq olmaz: "İdman və siyasət - iki ayrı anlayışdır. Bu gün Azərbaycanda isə dostluq və idman bayramıdır".

Dünya foreks sənayesinin ən iri brendlərindən biri olan "Alpari"nin saytında da Anna Kokorevanın Bakıda keçirilən birinci Avropa Oyunlarına həsr olunmuş məqaləsi yerləşdirilib. Müəllif qeyd edir ki, iyunun 12-də Bakıda birinci Avropa Oyunlarının təntənəli açılışı olub. İdman yarışlarında dünyanın 50 ölkəsindən 6 min idmançı iştirak edir. İdmanın 20 növü üzrə 253 dəst medal oynanılacaq. Oyunların açılışının böyük müvəffəqiyyətlə keçdiyinə baxmayaraq, tədbir Avropa İttifaqı və ABŞ mətbuatı tərəfindən tənqid atəşinə tutulub. Jurnalistlər ölkə iqtisadiyyatının qeyri-sabit olduğu bir şəraitdə Azərbaycanın yolverilməz xərclərinə görə heyifsilənirlər. A.Kokoreva yazır: "Rəsmi məlumata görə, Azərbaycan Oyunların təşkilinə 1,2 milyard dollar xərcləyib. Unutmaq olmaz ki, layihə öz xərcini çıxarır. Oyunların keçirildiyi dövr ərzində ölkəyə 100 000 nəfərdən çox adam gəlmiş olacaq, xeyli sponsor və tərəfdaş cəlb olunub. Bundan başqa, ölkə üçün bu, idman və turizm infrastrukturunu yaratmaq və inkişaf etdirmək imkanıdır".

Məqalədə deyilir ki, Oyunlar ətrafında neqativ fon yaradıldığına baxmayaraq, açılış mərasiminə Rusiya, Belarus, Türkiyə, Türkmənistan, Tacikistan, Monteneqro, Serbiya prezidentləri, Monako knyazı gəlmişdilər: "Son vaxtlar İlham Əliyevin siyasəti tez-tez tənqidə məruz qalır, amma oğul Əliyevin prezident olduğu 12 ildən az müddət ərzində Azərbaycanda ÜDM 10 dəfədən çox (7 milyard dollardan 73 milyard dollaradək) artıb. Müasir siyasətçilərdən belə iqtisadi uğurla öyünə bilən az tapılar".