Müxalif düşərgəsində qruplaşma heç vaxt müsbət nəticə vermir

14 Sentyabr 2012 08:07 (UTC+04:00)

"Nəinki qarşıdan gələn prezident seçkiləri ərəfəsində, ümumiyyətlə, heç bir vaxt təmsil etdiyim partiya heç bir qrupa, birliyə qoşulmayacaq". Bunları "Azadinform"a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirib.

O qeyd edib ki, Azərbaycan müxalif düşərgəsində qruplaşma heç vaxt müsbət nəticə vermir: "Çünki qruplaşan partiyalar qrup daxilində belə öz gücünə arxalanır, öz mənafeyini güdür ki, bu da ümumi halda gözlənilən nəticəni vermir. Buna baxmayaraq, parlament seçkiləri ərəfəsində partiyaların blok şəklində, qrup şəklində birləşməsi və seçkilərdə iştirak etməsi normaldır. Ancaq prezident seçkiləri fərqlidir və hesab edirəm hər bir partiya çalışıb öz namizədi ilə seçki mübarizəsinə qoşulmağa nail olmalıdır. Çünki burada söhbət partiyanın təbliğatı və partiya rəhbərinin seçkilərdə əhali ilə təmasından gedir". F.Mustafa deyir ki, bu gün müxalif düşərgədə belə bir düşüncə var ki, hər kəs bir yerdə olanda daha güclü ola bilər: "Lakin faktiki olaraq bir yerdə olanda bəzən partiyalar daha zəif qabiliyyət ortaya qoyurlar, daha uğursuz nəticə göstərirlər".