YAP Avropa Məhkəməsinin məcburi köçkünlərin şikayəti ilə bağlı çıxardığı qərara münasibət bildirib

19 İyun 2015 22:00 (UTC+04:00)

Təkcə laçınlılar deyil, digər məcburi köçkün və qaçqınlar da hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməlidirlər

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Avropa İnsan Haqları Məhkəməsinin azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə çıxardığı qərara münasibət bildirib.

Movqe.az-ın xəbərinə görə, S.Novruzov "Report"a açıqlamasında deyib ki, Avropa Məhkəməsinin bu qərarı mühüm əhəmiyyət kəsb edir.

YAP rəsmisi vurğulayıb ki, Avropa Məhkəməsinin bu qərarı ilə Ermənistanın işğalçı dövlət olması təsdiqlənib.

O, Ermənistanın işğalından ziyan görən hər kəsi məhkəməyə müraciət etməyə çağırıb: "Təkcə laçınlılar deyil, digər rayondan olan məcburi köçkünlər, Ermənistandan qovulan qaçqınlar da hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməlidirlər. Çünki onların evləri, mülkləri, bir sözlə, hər şeyləri Ermənistanda qalıb. Dağlıq Qarabağın işğalı nəticəsində də insanlara xeyli maddi ziyan dəyib. Onların mülkləri ermənilərin əlinə keçib, tarixi abidələr, muzeylər dağıdılıb. Bunlar da sənədləşdirilərək məhkəməyə təqdim olunmalıdır".

Xatırladaq ki, bir neçə gün əvvəl Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını açıqlayıb. Qərarda qeyd olunur ki, öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub.

"Çıraqov və başqaları Ermənistana qarşı" adlı iş 2005-ci ilin aprelində baxılmaq üçün Avropa Məhkəməsinə təqdim olunub. Belə ki, 1992-ci ildə Ermənistanın işğalı nəticəsində Azərbaycanın Laçın rayonunda doğma torpaqlarını tərk etmək məcburiyyətində qalan və evlərinə qayıda bilməyən məcburi köçkünlər məhkəməyə şikayət veriblər