Ermənistan Qarabağ məsələsində təklənir

20 İyun 2015 09:00 (UTC+04:00)

BMT İnsan Hüquqları Şurasının müstəqil ekspertləri Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərinin işğal edildiyi faktını qeyd edərək BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının münaqişə üzrə qətnamələrini yerinə yetirməyə çağırıb. Xatırladaq ki, 16-17 iyun tarixində Cenevrə şəhərində BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu və BMT-nin məcburi köçkünlər üzrə xüsusi nümayəndəsi Çaloka Bəyani Azərbaycan səfərlərinin yekunlarına dair hesabatlarını BMT İnsan Hüquqları Şurasının 29-cu sessiyasına təqdim edib. Xüsusi məruzəçi hesabatda məcburi köçkünlərin hüquqlarının tam bərpa olunması üçün ilk növbədə Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərdəki münaqişənin tezliklə həll edilməli olduğunu qeyd edib və bu xüsusda BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinin, habelə BMT Baş Assambleyasının 2008-ci ildə qəbul etdiyi 62/243 saylı "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnaməsinin yerinə yetirilməsinə çağırıb. Bu addım o zaman baş verir ki, Avropa Məhkəməsi də azərbaycanlı məcburi köçkünlərin hüquqlarının təmin edilməsi ilə bağlı qərar qəbul edir. Buradan görünür ki, son zamanlar beynəlxalq  təşkilatların Ermənistandan işğal olunmuş ərazilərlə bağlı tələbləri artır. Başqa bir tərəfdən, son zamanlar Ermənistanın əsas dayağı hesab etdiyi Rusiya ilə Azərbaycan arasında münasibətlər xeyli dərəcədə konstruktiv xarakter alıb, əlaqələr genişlənir. Moskva həm də İrəvana əvvəlki dəstəyi vermir. Görəsən, yaranmış bu vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə nə vəd edir?

Politoloq Mais Gülalıyev qeyd edir: "Beynəlxalq təşkilatların Dağlıq Qarabağla bağlı fikirləri, konkret fəaliyyətləri, Azərbaycan, Ermənistan cəmiyyətlərinin durumu, bu durumun dəyişmə dinamikası belə deməyə əsas verir ki, BMT-nin işğalçı Ermənistana hər hansı bir formada təzyiq göstərməsi mümkünləşə bilər. Təzyiq göstərmək üçün BMT-nin çoxsaylı mexanizmləri var. Onların heç biri fəaliyyətə başlamırsa, sözlə təsir göstərməyin heç bir mənası yoxdur. BMT bu günə qədər qəbul olunan qətnamələrin icrası üçün hansı mövcud mexanizmlərdən istifadə edib? Ermənistana hansısa bir sanksiya tətbiq edibmi?

Avropa Məhkəməsində Laçından olan qaçqınlarla bağlı qəbul olunan qərar müsbətdir. Lakin onun yerinə yetirilməsi məsələsi var. Laçın qaçqınlarına hər hansı  kompensasiyanın verilməsi hələ torpaqların azad edilməsi demək deyil. Torpaqlarımız işğal altında qalmaqda davam edir. Əlbəttə, mübarizə aparılmalıdır ki, beynəlxalq təşkilatların Ermənistana münasibətdə tutduqları mövqenin ölkəmizin xeyrinə dəyişdirilməsi istiqamətində ciddi addımlar atılsın. Xüsusən də Rusiyanın Azərbaycanla yaxınlaşması, Ermənistana münasibətdə Moskvanın hazırkı mövqeyinin dəyişməsi yaxşı haldır. Lakin bütün hallarda bu torpağı Azərbaycan xalqı azad etməlidir. Azərbaycan işğal olunmuş ərazilərdə suveren hüququnu təmin etməlidir. Buna görə də nə qədər mümkünsə, Azərbaycanın iqtisadi, sosial, hərbi sahədə səfərbər olması vacibdir.  Beynəlxalq təşkilatlarla əlaqə də öz yerində. Əlbəttə ki, beynəlxalq təşkilatlar və ölkələrin münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyinə uyğun və ya ona yaxın formada  münasibət bildirməsi, qərarlar qəbul etməsi müsbət haldır. Azərbaycan hərbu cəhətdən möhkəmlənərək, torpaqları azad etməyə tam hazırdırsa, amma beynəlxalq münasibətlər ölkəmizin xeyrinə deyilsə,  bu halda həmin istiqamətdə atılan addımlar bizə ziyan gətirə bilər. Beynəlxalq  münasibətlər Azərbaycanın xeyrinə dəyişdiyi halda isə həmin məqamdan istifadə etmək müsbət nəticə verəcək. Ona görə də bütün hallarda beynəlxalq səviyyədə dövlətlərin Azərbaycana olan münasibəti dəyişmək vacibdir. Artıq BMT-də Azərbaycanla bağlı olan fikirlər əvvəlki səviyyədə deyil. ABŞ-da da Qarabağla bağlı fikirlər keçən əsrin 90-cı illərin əvvəllərində olan səviyyədə deyil, artıq ölkəmizin maraqlarına cavab verən dərəcədə xeyli dəyişiklik var. Bu kimi müsbət təsirləri kənara atmaq əlbəttə ki, düzgün deyil. Nə qədər mümkünsə, beynəlxalq vəziyyəti öz xeyrimizə dəyişməliyik. Xarici siyasətimizin bel sütunu ona yönəlməlidir ki, beynəlxalq səviyyədə söz sahibi olan ölkələr Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində addımlar atsın.  BMT qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi istiqamətində addım atmalıdır. Necə ki, Liviya, Əfqanıstan, İraqla bağlı addım atdı, həmin addımı Dağlıq Qarabağla bağlı olaraq da atmalıdır".