Şəkər, süd, kərə yağı, bitki və heyvan mənşəli piylər və yağların idxalı isə azalıb
Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 470,5 mln. dollar həcmində yeyinti məhsulu idxal olunub.
Movqe.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,07% çoxdur. İlin 5 ayı ərzində ət idxalı 0,26% artaraq 9,2 mln. dollar, meyvə-tərəvəz 2,4 dəfə artaraq 33,1 mln. dollar, buğda 49,2% artaraq 184,6 mln. dollara çatıb.
Hesabata əsasən şəkər, süd, kərə yağı, bitki və heyvan mənşəli piylər və yağların idxalında isə azalma müşahidə olunub. Belə ki, şəkər idxalı 35,75% azalaraq 45,8 mln. dollar, bitki və heyvan mənşəli piy və yağ idxalı 14,05% azalaraq 35,6 mln. dollar, kərə yağı 0,88% azalaraq 10,5 mln. dollar, süd idxalı 9,23% azalaraq 2,7 mln. dollar olub.
Məlumata əsasən cari ilin yanvar-may ayları ərzində yeyinti məhsulları idxalı ölkə üzrə məcmu idxalın 11,57%-ni əhatə edib.
Qeyd edək ki, 2015-ci ilin yanvar-may ayları ərzində Azərbaycan 133 ölkə ilə 9 350 mln. dollar həcmində ticarət əməliyyatı həyata keçirib. Ticarət dövriyyəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,01% azalma müşahidə edilib. İdxal illik 15,91% artaraq 4 067,8 mln. dollar, ixrac 44,28% azalaraq 5 282,2 mln. dollar təşkil edib.