Qüsursuz makiyajın sirləri

22 İyun 2015 16:20 (UTC+04:00)

Kosmetikadan düzgün istifadə etmək ayrıca bir elmdir. O, təkcə ustalıq və zövq deyil, həm də konkret vəziyyətlər üçün müvafiq makiyaj seçə bilmək bacarığı tələb edir.

Təəssüf ki, bir çox xanımlar makiyaj edərkən incə xətti keçirlər və nəticədə ortaya uğursuz bir görünüş çıxır. Ambassade de la Beaute gözəllik institutunun vizajistləri gündəlik makiyajdan fərqli olaraq, ziyafət makiyajında daha parlaq rənglərdən, güclü kontrastdan və daha dəqiq cizgilərdən istifadə etməyə üstünlük verirlər. Ziyafət makiyajı üzün bütün gözəl cəhətlərini vurğulamalı, çatışmazlıqları ört-basdır etməli və geyimlə uyğunluq təşkil etməlidir. Makiyajın normal dərəcəsini aşmamaq və üzün ən gözəl cizgilərini vurğulamaq üçün sizə vizajistlər köməklik göstərəcəklər. Ambassade de la Beaute gözəllik institutunun ustaları üstünlüyü ya gözlərə, ya da dodaqlara verməyi tövsiyə edirlər. Hər ikisini eyni zamanda vurğulamaq vulqar görünüşə səbəb ola bilər.

Düzgün ziyafət makiyajının digər vacib cəhəti onun təbiiliyidir. Təbii görünmək, makiyajdan minimum istifadə demək deyil, əksinə sizə yaraşan makiyajdır. Ziyafət makiyajı edən zaman vizajist sizin təbii gözəlliyinizi önə çəkməli və üzdəki çatışmazlıqları ustalıqla gizlətməyi bacarmalıdır. Bundan əlavə, ziyafət makiyajı dəbli olmaqdan daha çox, zövqlü olmalıdır. Çünki dəb əbədi deyil, onun istiqaməti sürətlə dəyişir. Lakin sizin fərdi tərziniz, həm də sizin gözəlliyiniz və xarizmanız deməkdir. Ziyafət geyimi, saç düzümü və bəzək əşyaları ilə birlikdə bu növ makiyaj sizi sadəcə gözəl deyil, eləcə də şıq bir xanıma çevirməyə qadirdir.