Azərbaycanın 4 samboçusu "Bakı 2015"də finala yüksəlib - CANLI YAYIM

22 İyun 2015 15:00 (UTC+04:00)

Bu gün "Bakı 2015" I Avropa Oyunlarında sambo yarışlarına start verilib. Movqe.az-ın  məlumatına görə, kişi və qadınlar arasında üst-üstə 8 çəki dərəcəsi üzrə keçirilən yarışda Azərbaycan bütün çəkilərdə təmsil olunur.

Onlardan 4-ü finalda, 2-si isə bürünc medal uğrunda görüşdə iştirak hüququna yiyələnib.

Kişilərin mübarizəsində 57 kq çəkidə yer alan İslam Qasımov ilk görüşündə rumıniyalı Orlando Qruyanı 4:0, yarımfinalda Vaxtangi Çidraşvilini 3:1 hesabı ilə yenərək, finala yüksəlib. Həlledici görüşdə onun rəqibi rusiyalı Aymergen Atxundov olacaq.

74 kq çəkidəki Amil Qasımov da finala yüksəlib. O, əvvəlcə gürcüstanlı Kaxa Mamulaşvilini, yarımfinalda bolqarıstanlı Martin İvanovu 3:1 hesabı ilə yenib. Finalda rəqib belaruslu Stsiapan Popov olacaq.

100 kq-dan yuxarı çəkidə mübarizə aparan Vasif Səfərbəyov makedoniyalı Bayro Maşoviki 4:0, ukraynalı Razmik Tonoyanı 2:0 hesabı ilə yendikdən sonra finala çıxıb. Həlledici görüşdə rəqib rusiyalı Artyom Osipenko olacaq.

90 kq çəkidə Kənan Qasımov ilk görüşdə ukraynalı İvan Vasilçuka 2:0 hesabı ilə qalib gəlsə də, yarımfinalda rusiyalı Alsim Çernoskulova 0:4 hesabı ilə uduzaraq, finala çıxa bilməyib. Bürünc medal uğrunda görüşdə rəqib gürcüstanlı Davit Karbelaşvili olacaq.

Qadınların mübarizəsinə gəldikdə, 52 kq çəkidəki Nəzakət Xəlilova rumıniyalı Kodrina İoneskunu 3:1, litvalı Ruta Aksyonovanı 4:0 hesabı ilə yendikdən sonra finala yüksəlib. Qızıl medal uğrunda görüşdə rəqib rusiyalı Anna Xaritonova olacaq.

60 kq çəkidəki Şahanə Hüseynova ilk görüşündə rusiyalı Yana Kostenkoya 0:4 hesabı ilə uduzub. Birinci təsəlliverici görüşdə o, gürcüstanlı Şorena Şaradzeni yenib. Bürünc medal qarşılaşmasında isə rəqib belaruslu Katerina Prokopenko olacaq.

68 kq çəkidəki Nərminə Əlizadə isə ilk görüşdə belaruslu Volqa Namazovaya 0:4 hesabı ilə uduzub. Bürünc medal uğrunda görüşdə onun rəqibi fransalı Selin Konde olacaq.

Yalnız 64 kq çəkidəki Fəridə Qurbanova ilk görüşdəcə 0:4 hesabı ilə uduzduğu moldovalı Yekaterina Kretunun finaladək irəliləyə bilməməsi səbəbindən çıxışını erkən dayandırıb.