Nazir Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində iştirak edib
14 Sentyabr 2012 16:36 (UTC+04:00)
Movqe.Az xəbər verir
ki, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Çin
Xalq Respublikasının Tiancin şəhərində keçirilən Dünya İqtisadi
Forumunun Asiya Regional Sammitində iştirak edib. Sammitdə yeni
texnologiyaların, elmi-texniki nailiyyətlərin iqtisadiyyata
tətbiqi, innovativ sahibkarlıq, İKT-nin inkişafı, qlobal
informasiya təhlükəsizliyi məsələsi, innovativ texnologiyaların
qlobal iqtisadi inkişafa təsiri və bu sahələrdə hökumətin rolu kimi
mövzular müzakirə edilib.
Sammit çərçivəsində keçirilən çoxsaylı sessiya və plenar iclaslarda
rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxış
edib. "Dünyanın hiperbirləşməsi" adlı sessiyada nazir Azərbaycanın
İKT sahəsində əldə etdiyi uğurlardan söz açıb, regional ölkələrin
bir-biri ilə virtual alətlər vasitəsilə birləşməsi, beləliklə,
Qərblə Şərq arasında mövcud olan rəqəmli uçurumun aradan
qaldırılmasında ölkəmizin rolunu qeyd edib, o cümlədən ölkəmizin
BMT tərəfindən koordinator təyin edildiyi Trans-Avrasiya Super
İnformasiya Magistralı (TASİM), Yaxın Şərq Sürətli İnformasiya
Dəhlizi (EPEG) kimi beynəlxalq layihələrin dəstəklənməsi və
reallaşdırılmasında dövlət başçısının rəhbərliyi ilə aparılan
işlərdən, bu layihələrin qlobal iqtisadiyyata verəcəyi töhfələrdən
danışıb.
Sammit iştirakçılarına Azərbaycanda İKT sahəsində görülən işlər,
region əhəmiyyətli digər layihələr haqda da məlumat verən nazir Əli
Abbasov BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə cari
ilin noyabrında Bakıda keçiriləcək VII İnternet İdarəçiliyi Forumu,
"Bakutel" sərgi-konfransı barədə də onları geniş
məlumatlandırıb.
Sammitin növbəti günü xüsusi əhəmiyyəti ilə seçilən "İKT üzrə
dövlətlər" panelində də çıxış edən nazir Əli Abbasov
dövlət-sahibkarlıq, dövlət-vətəndaş, vətəndaş-sahibkar
münasibətlərində "Elektron hökumət", ölkədə bu istiqamətdə atılan
addımlar, Azərbaycan təcrübəsi və s. mövzularla bağlı iştirakçılara
geniş məlumat verib, onların suallarını cavablandırıb.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və beynəlxalq layihələr
olan Trans-Avrasiya Super İnformasiya Magistralı, Yaxın Şərq
Sürətli İnformasiya Dəhlizi layihəsi panel iştirakçılarının
diqqətini cəlb edib, iştirakçılar gələcəkdə üzv ölkələrin, o
cümlədən maraqlı tərəflərin bu layihələrin reallaşmasında səylərini
artıracağını da nəzərə çatdırıblar. Sammit iştirakçıları
Azərbaycanın neft ölkəsi olmasına baxmayaraq, qeyri-neft sektorunun
inkişaf etdirilməsini də müsbət qarşılayıblar.
Sammit çərçivəsində nazir Əli Abbasov Estoniyanın İqtisadiyyat və
rabitə naziri Yohan Parts, ABŞ-ın Ölkənin Milli Təhlükəsizlik
Departamentininmüavini Tara O’tool, Nigeriyanın rabitə
naziri Omobola Conson, "Microsoft" şirkətinin vitse-prezidenti
Stiven Kroun, Çinin Peyk sənayesi üzrə aparıcı şirkəti "China Great
World Industry" korporasiyasının prezidenti Yin Liminq,
"Kasperskiy" şirkətinin prezidenti Yevgeni Kasperskiy, Ümumdünya
İnternet Cəmiyyətinin prezidenti Lin Amur, BMT-nin İnkişaf
Proqramının rəhbərinin müavini Rebeka Qrinspan, Dünya İqtisadi
Forumunun Telekommunikasiya və İnformasiya-kommunikasiya
Texnologiyaları Sənaye Departamentinin rəhbəri Alan Markusla
ikitərəfli görüşlər də keçirib.