Xalçaların xaricə çıxardılması ilə bağlı-YENİLİK-Özəl

22 İyun 2015 18:20 (UTC+04:00)

"Birinci Avropa Oyunlarının açıldığı ilk gündən indiyədək Xalça Muzeyinə gələn qonaqların sayı iki dəfə artıb. Bu barədə Movqe.az-ın əməkdaşına muzeyin direktoru Röya Tağıyeva məlumat verib. R. Tağıyeva bildirib ki, Xalça Muzeyi  Birinci Avropa Oyunlarına xüsusi olaraq hazırlaşıb: "Muzeydə 4 dildə-Azərbaycan, rus, ingilis, fransız dillərində audio qid hazırlanıb. Gələn qonaqlar həmin qidin köməyi ilə bələdçi olmadan muzeydəki eksponatlar barədə rahat  şəkildə məlumat ala bilirlər. Həmçinin  Xalça muzeyi Atletlər Kəndində  "Azərbaycan el sənəti"adlı sərgi də təşkil edib.  Sərgidə muzeyin kolleksiyasından olan xalça, xalça məmulatları, bədii metal, eyni zamanda zərgərlik, tikmə, milli geyim nümunələrini əks etdirən fotoşəkillər nümayiş olunur. Beynəlxalq miqyasda  şöhrəti günü-gündən artan Azərbaycan xalçaları,   maddi-mədəni irsimiz,  qədim adət-ənənələrimiz,  xalqımızın məişəti,  fəlsəfəsi, dünyagörüşü sərgiyə gələn tamaşaçılarda böyük maraq oyadır, qonaqlar xana arxasında xalça toxuyan toxuculara qatılaraq, xalçalarımızın toxunma texnologiyası ilə yaxından tanış olaraq, onlarla birgə xalça toxuyurlar.  Sərgidə həmçinin milli geyimlərdə  şəkil çəkdirmək imkanının yaradılması  qonaqlarda çox  boyük marağa səbəb olur. Həmçinin sərgidə alış-veriş guşəsi də yaradılıb. Orada Birinci Avropa Oyunlarının simvollarının əks olunduğu suvenirlər, katoloqla xalça nümunələri qonaqlara təqdim olunur. Azərbayacana gələn qonaqların aldıqları xalçaların ölkədən çıxardılmasına icazə sənədlərinin qısa müddətdə hazırlanması təmin olunur".

R. Tağıyeva deyib ki, gələn qonaqlar tərəfindən nə qədər xalça alındığı barədə məlumat hələki hazırlanmayıb.