Zorakılıqlar ölkəsinə çevrilən ABŞ

23 İyun 2015 10:30 (UTC+04:00)

Başqa ölkələrin daxili işlərinə müdaxilə etməyə çalışmaqdan hələ də əl çəkməyən, bir çox münaqişələrin əsas iştirakçılarından birinə çevrilən ABŞ-da diqqət çəkən məqamlardan biri də bir neçə insanın eyni vaxtda  qətlə yetrilməsi ilə müşayiət olunan cinayətlərdir. Təkcə son bir neçə günə nəzər salmaqla bu xüsusda törədilən cinayətlərin sayının az olmadığını görmək mümkündür. Məsələn, bu günlərdə ABŞ-ın Pensilvaniya ştatında naməlum şəxs piknikə toplaşmış insanlara nizamsız şəkildə atəş açıb.

Hadisə nəticəsində yeddi nəfər zərər çəkib. İnsident Filadelfiya şəhərinin qərb hissəsində yerli vaxtla saat 22 radələrində baş verib. Zərər çəkənlər arasında 2 və 10 yaşlarında iki uşaq da var. Onların ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilir. Digər yaralılar 15-25 yaş arasındadır. Demək olar ki, eyni vaxtda Detroyt şəhərində) də oxşar hadisə baş verib. Orada naməlum şəxs basketbol meydançasında şənliyə yığışmış insanlara atəş açıb. Bir nəfərin öldüyü, azı doqquz nəfərin isə güllə yarası aldığı barədə məlumat yayılıb.

İyunun 17-də Cənubi Karolina ştatının Çarlston şəhərində 21 yaşlı Dilan Ruf  şəhərin qaradərili əhalisi arasında çox populyar olan metodist kilsəsinə soxularaq atəş açmağa başlayıb. Hadisə ümumi ibadət zamanı baş verib.  Hadisə nəticəsində həyatını itirən 9 nəfərin hamısı Afrika əsilli amerikalılardır. Polis cinayətin irqçilik zəminində törədildiyini hesab edir. Polisin məlumatına görə, cinayəti törətməzdən qabaq Ruf kilsədə bir saata yaxın vaxt keçirib, daha sonra isə ətrafa atəş açaraq 9 nəfərin ölümünə səbəb olub. Belə cinayətlərin nəticəsidir ki, ABŞ prezidenti Barak Obama amerikalıların odlu silaha olan münasibətlərinin dəyişməsinin vacibliyini qeyd edib.

Lakin ABŞ-da bu qəbildən olan cinayətlərin sayının azalması müşahidə olunmur. Əksinə, irqi zəmində qeydə alınan cinayətlərin sayı durmadan artır.  Eyni zamanda polis zoraklığı vəpolis tərəfindən qətlə yetrilənlərin say çoxluğu ABŞ-da bu sahədə əslində, çox ciddi problemlər yaşandığını üzə çıxarır. "The Washington Post" qəzeti son beş ayda 385 nəfərin polisin qurbanına çevrildiyini yazır.

Orta hesabla ABŞ-da orta hesabla gündə 2 nəfər polisin gülləsinə tuş gəlir. Polis qurbanlarının üçdə iki hissəsi milli azlıqlardır. Ölənlər aarsında zəncilərin sayı kifayət qədərdir. ABŞ-ın özündə isə etiraf olunur ki, bu gün  islah əmək düşərgələrində olan qaradərilərin sayı 1850-ci ildə olan qulların sayından artıqdır. Hesablamalara görə, ABŞ həbsxanalarında  1,7 milyon qaradərili şəxs  var.

Qeyd edək ki, hər gün  Amerikada həbsə düşənlərin 36  faizi  ölkənin qaradərili sakinlərini təşkil edir. ABŞ həbsxanalarında da vəziyyət elə ürəkaçan deyil. Belə ki, həmin həbsxanalarda insan hüquqları kobud surətdə pozulur, qaradərililərə qarşı qərəzli mövqe nümayiş etdirilir və nəticədə güclü həbsxana qiyamları baş qaldırır. Bu qiyamlardan biri keçən ay baş verib. Kentukkki ştatındakı həbsxanada baş verən qiyamda 250 nəfər insan xəsarət almışdı. Həmçinin kriminal keçmişi olan kəslər işlə təmin oluna bilmirlər. İqtisadçılar bundan narahatdır, çünki  kompaniya rəhbərləri üçün ixtisaslı mütəxəssislər barədə seçim imkanı azalır, bu da ölkənin iqtisadi inkişafına mənfi təsir göstərir. Amma ABŞ-da hakimiyyətdə olanlar bunları nəzərə almır. Bir maraqlı məqamı da bildirək ki, məhbuslarının sayının ən çox olduğu ölkə ABŞ-dır. ABŞ-da dünya əhalisinin 5%-i yaşayır və dünyada olan məhbusların 25%-i (təqribən 2,2 milyon insan) məhz buradadır.