Ermənistanda xalq-iqtidar qarşıdurması şiddətlənir

24 İyun 2015 11:00 (UTC+04:00)
Ötən həftə Ermənistanın İctimai Xidmətlərin Nizamlanmasi üzrə Dövlət Komissiyasi elektrik enerjisinin bir kilovatının qiymətinin 6,93 drama qaldırılması barədə qərar qəbul edib. Bu da ölkədə güclü etirazlar doğurub.

İyunun 19-da "Soyğunçuluğa yox!" vətəndaş hərəkatı tərəfindən İrəvanın Azadlıq meydanında təşkil olunmuş fasiləsiz etiraz aksiyasında qərarın ləğvini və  prezident Serj Sarkisyanla görüş tələb edirdilər. Onlar hakimiyyət orqanlarının görüş üçün bir neçə nəfərdən ibarət qrup yaratmaq təklifi ilə razılaşmayaraq hamılıqla prezident iqamətgahına tərəf yollanıblar. Burada  Serj Sərkisyanın iqamətgahı önündə oturaq aksiya başlayıb. İrəvanın polis rəisinin müavini Valeri Osipyan aksiya iştirakçılarına elan edib ki, Sarkistyn nümayişçilərin 3-4 nəfərlik nümayəndə heyətini qəbul etməyə hazırdır. Bir şərtlə ki, qalan nümayişçilər indiyədək aksiya keçirdikləri Azadlıq meydanına qayıtsınlar. Osipyan deyib ki, Sarkisyanın şərtini ona İrəvanın polis rəisi Vladimir Qasparyan çatdırıb. Lakin aksiyaçılar bu tələbi rədd edib. Sarkisyan nümayişçilərin mühasirəsində olan prezident iqamətgahından baş verənləri izləyib. Onun qorxuya düşməsi fonunda Ermənistan polisi İrəvanın mərkəzinə yığışaraq elektrik enerjisinin bahalaşmasına etiraz edən nümayişçiləri dağıdıb. Polis güclü su şırnaqları ilə nümayişçiləri Baqramyan prospektindən opera teatrına tərəf sıxışdırmağa nail olub. Əməliyyatın gedişində etiraz aksiyasının 237 iştirakçısı tutulub, 18 nəfər yaralanıb. Ermənistan mətbuatının verdiyi məlumata görə, paytaxtdakı polis idarələri dolduğu üçün saxlanılanların bir hissəsi Abovyan və Aştarak şəhərlərinin həbsxanalarına aparılıb. İrəvan küçələrinə xüsusi vasitələrlə və avtomat silahlarla silahlanmış çoxlu sayda polis qüvvələri, o cümlədən zirehli texnika yeridilib.

Aksiyanın dağıdılması zamanı həbs olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Ermənistan Milli Konqresi fraksiyasından deputat Nikol Paşınyan  da  saxlanılan 237 aksiya iştirakçısının xuliqanlıqda ittiham olunduğunu söyləyib.

Həbs olunan Müasir İncəsənət İnstitutunun kuratoru Taqui Torosyan telefonla bildirib ki, onu döyüb, paltarını cırıblar. O deyib ki, hazırda  polis bölməsindədir və xuliqanlıqda ittiham olunur, istintaq aparılır. Polisin döydüyü 40 yaşlı aksiya iştirakçısı yaddaşını itirib. "Armeniya" tibbi mərkəzində ona baş-beyin travması diaqnozu qoyulub. "O, adını və harada olduğunu bilmir", - "hetg.am" saytının jurnalisti Ani Ovanesyan deyib.

Müasir İncəsənət İnstitutunun direktoru Nazaret Karoyan isə aldığı zədələrə görə, "Maarifçi Qriqori" xəstəxanasına yerləşdirilib. O deyib ki, reanimasiya şöbəsində daha iki etirazçı var. Ölkədə ikinci böyük şəhər sayılan Gümrüdə keçirilən aksiyanin dağıdılmasında polis zorakılıq edib və 10 etirazçını tutub.

Məlumatda bildirilib ki, polis jurnalistləri küçə söyüşləri ilə təhqir edib. "Lragir.am" saytının müxbiri Temine Yenokyan təhqirə məruz qalanlardandır. İrəvan polis rəisinin müavini Karen Movsisyan isə əməkdaşının bu hərəkətinə reaksiya verməyib.  Saxlanılanlar arasında "Qala", "News" internet nəşrləri, "Azadlıq" radisounun erməni bürosunun əməkdaşları var. "Qala"nın əməkdaşı Paylak Faxradyan döyülüb, onun foto və video aparatlarına da ziyan dəyib. Bəzi müxbirlərin isə avadanlığı zorla əllərindən alınıb. Polis kameraların yaddaşını silmək üçün onların çiplərini sındırır. "Epress.am" saytının bir kamerası qırılıb, o birisini isə polislər aparıb. Portalın operatoru Tiqran Akopyan vəhşicəsinə döyülüb. Jurnalist Anna Camakoçyan və yazıçı Ovanes İşxanyana qarşı da vəhşilik edilib.Xəbərə görə, Azadlıq meydanında yeni etiraz aksiyasının qarşısını almaq üçün  polis meydanı mühasirəyə alıb və ora daxil olmaq qadağan edilib. Bütün bunlarla bağlı kifayət video və foto materiallar var. Amma  Azərbaycanda kriminal elementləri "hüquq müdafiəçiləri" elan edərək onlarla bağlı məsələni diqqətdə saxlayan Qərb dairələri nədənsə Ermənistanda baş verənləər münasibət bildirməyə tələsmir. Ermənistanda narazı etirazçıların polis tərəfindən dağılmasına hələ ki, Qərbdə göz yumulur. Elə bu da Qrəbdə müəyyən dairələrin əsl simasının nədən ibarət olduğunu açıq şəkildə meydaan qoyur.