Vladimir Jirinovski Ermənistan xüsusi xidmət orqanlarını Azərbaycan və azərbaycanlılara qarşı terrora çağırıb
14 Sentyabr 2012 19:15 (UTC+04:00)
"Rusiya hərbi yardım edərək Ermənistan
ordusunu Yaxın Şərqin ən güclü ordusuna çevirməlidir".APA-nın Moskva müxbirinin verdiyi məlumata
görə, bu fikirləri Rusiya Liberal Demokrat Partiyasının sədri
Vladimir Jirinovski erməni diasporunun bu gün Moskvanın
"Krasnopresenskaya zastava" meydanında keçirdiyi mitinqdə çıxışı
zamanı söyləyib.
O, Rusiya hökumətinin Ermənistana ayırdığı yardımların azlığından
şikayətlənib: "Bu gün Rusiya Ermənistanı hər şeylə təmin etməlidir.
Ermənilər bizim qardaşlarımızdırlar. Qafqazın xilas yolu güclü
Rusiya-Ermənistan hərbi ittifaqının yaradılmasındadır. Rusiya
Ermənistanı bütün istehsal etdiyi müasir silahlarla təmin
etməlidir. S-300, S-400 raketləri və digər güclü silahlar
təmənnasız olaraq Ermənistan ordusuna verilməlidir. Rusiya
Ermənistanı Qafqazın liderinə çevirməlidir. Rusiya Dağlıq Qarabağı
müstəqil dövlət kimi tanımalıdır. Artıq Rusiyanın Dağlıq Qarabağ
münaqişəsinin həllində yekun söz demək vaxtı gəlib çatıb. Rusiya öz
dəstəyini Ermənistana verməlidir ".
Vladimir Jirinovski Gürcüstanın ərazi bütövlüyünü də hədələyib. O,
Cavaxetiya ermənilərini torpaqlarının azadlığı uğrunda mübarizə
aparmağa çağırıb: "Cavaxetiyadakı ermənilər də öz torpaqları
uğrunda mübarizə aparmalıdırlar".
Hər zaman ermənipərəst çıxışları ilə yadda qalan Jirinovski bu dəfə
Ermənistan xüsusi xidmət orqanlarından Ramil Səfərovun
ekstradisiyası və azadlığa buraxılmasına cavab tələb edib: "Mən
erməni xalqına səslənirəm. Mitinqlər keçirərək bu işi həll etmək
olmaz. Erməni zabitini öldürəni azadlığa buraxanlara cavab vermək
lazımdır. Ermənistan xüsusi xidmət orqanları bunun cavabını
verməlidirlər ki, azərbaycanlılar bir daha belə iş
görməsinlər".
V. Jirinovski dünyadakı və Rusiyadakı erməni diasporuna Liberal
Demokrat Partiyasına göstərdiyi köməyə görə təşəkkürünü bildirib:
"Erməni diasporu hər zaman Rusiyanın yanında olub. İndi siz həm
"Yedinaya Rossiya"ya, həm də Liberal-Demokrat Partiyasına dəstək
verirsiniz. Biz bu dəstəyə görə sizə təşəkkürümüzü bildiririk".
Qeyd edək ki, bu gün Moskvadakı erməni diasporu tərəfindən
keçirilən aksiyada Macarıstan və Azərbaycan əleyhinə şüarlar
səsləndirilib. Meydanda Rusiya, İsrail, Ermənistan və qondarma
"DQR"ın bayraqları qaldırılıb. 450-500 nəfərin qatıldığı aksiya
saat yarım davam edib.