Ali məktəblərdə təhsil haqqının ləğvi qeyri-mümkündür

15 Sentyabr 2012 08:42 (UTC+04:00)

"Fikrimcə, Azərbaycanın ali məktəblərində təhsil haqqının ləğvi qeyri-mümkündür. Ümumiyyətlə, mən bunun tərəfdarı deyiləm". Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev bildirib.

O qeyd edib ki, dünyanın bir sıra ölkələrində ali təhsil sistemində rəmzi olaraq ödənişlər ləğv edilsə də, əksər ölkələrdə ödənişlər var.

"Bu ödənişlər çox yüksək rəqəmlərlədir. Xüsusilə, Avropa, ABŞ, Cənub-Şərqi Asiya ölkələrində təhsil haqqı çox yüksəkdir. Azərbaycandakı ali məktəblərdə təhsil haqqının ləğvi isə ona görə mümkün deyil ki, bu, çox böyük rəqəmdir və onun ləğv olunması üçün həmin rəqəmin ödənilməsini dövlət öz üzərinə götürməlidir. Hesab edirəm ki, dövlətdə bu vəsait yoxdur. Ancaq bundan da vacib səbəblər var ki, ali təhsil sistemində ödənişlər ləğv olunmasın" - rektor bildirib.

Hacıyev, həmçinin deyib ki, Azərbaycanda təhsil haqqı xarici ölkələrlə müqayisədə bir o qədər də yüksək deyil.

"Xarici ölkələrlə müqayisə etsək, ümumiyyətlə, Azərbaycanda təhsil haqqı yoxdur. Ona görə də hesab edirəm ki, yaxın 3 il müddətində təhsil haqqının ləğvi haqqında danışmaq yersizdir", - komitə sədri bildirib.