Xanım millət vəkili həyəcan təbili çaldı: "Əxlaqsiz, qeyri-etik informasiyanın yayılmasını, zorakılığın müxtəlif növlərini görmək olur"

25 İyun 2015 15:00 (UTC+04:00)

Bəzi media sahibləri auditorıya, "like" arxasınca qaçaraq çox zaman məlumatların çatdırılmasında etik normalara riayət olunmasını nəzərə almırlar. Müxtəlif ölkələrdə baş verən dəhşətli hadisələrin və onların qurbanlarının dəqiqliklə nümayiş etdirilməsi insanlara, eləcə də ən həssas təbəqəyə, uşaqlara mənfi təsir göstərə bilər. Etiraf etməliyik ki, mediada təqdim olunan bu cür materiallara nəzarət çox zəifdir. Baxmayaraq ki, bu gün media nümayəndələri obyektiv olmağa çalışır, lakin çox zaman onların bəziləri mənfi obrazların, mənfi ideyaların yayılmasına fəaliyyətləri ilə təkan verirlər. Bu, xüsusilə uşaqların psixologiyasına ciddi təsir edir.

Bu fikirləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun yay sessiyasında "Media məsuliyyəti və müasir media mühitində etika" mövzusunda çıxışında söyləyib. S.Fətəliyeva deyib: "Zəmanəmizin və cəmiyyətin əsas çağırışlarından biri müasir mühitdə uşaqların tərbiyəsidir. Ailə, onu əhatə edən mühit, məktəb və media məkanı kimi faktorlar uşaqların tərbiyəsinə, formalaşmasına təsir edir və böyüyən şəxsin mənəvi inkişafına kömək göstərir. Media resursları uşaqların dünyagörüşündə, dəyər sistemində mühüm rola malikdır. Bu məsələ hər bir ölkənin gündəmindədir. Ənənəvi və müasir informasiya vasitələri insanların şüurunun müəyyən istiqamətə yönəlməsinə təsir edə bilər. Bu nöqteyi-nəzərdən medianın həm müsbət, həm də mənfi təsir gücünün olduğunu etiraf etməliyik. Mənfi hal ondan ibarətdir ki, filmlər, verilişlər, cızgi filmləri vasitəsilə əxlaqsiz, qeyri-etik informasiyanın yayılmasını, zorakılığın müxtəlif növlərini görmək olur. Həmçinin bu, müəyyən fobiyaların və stereotiplərin formalaşmasına xidmət edir. Məhz son zamanlar dünyanın müxtəlif guşələrində baş vermiş dini, etnik dözümsüzlük və terrorçuluğun yayılması nəticəsində müsəlmanlar ilə terrorçular arasında analogiyanın yaranmasında medianın böyük günahı var".

Bildirilib ki, pornoqrafiya, intihar, narkotiklərin qəbuluna həsr olunan bir sıra saytlar mövcuddur. Bəzən terroçuluğun, radikalizmin, zorakılığın uşaqlara psixoloji travması nəticəsində davranışda da ciddi dəyişikliklər baş verir.

Qeyd olunub ki, cinayət, qumar oyunları, cinsi zorakılığı əks etdirən məqalə və verilişlər uşaqların zehninə təsir edərək onlar üçün "nümunə"vi obraz yarada bilər. Baxmayaraq ki, bu, kiminsə maraqlarına ziddir, medianın fəaliyyətinin məsuliyyət üzərində qurulması məsələsi həll olunmalıdır. Biz çalışmalıyıq ki, reytinq əvəzinə etik normalar qalib gəlsin və hər şeydən üstün olsun. AZƏRTAC