Uşaq İnkişaf Mərkəzləri qüsurlu vəsaitlər nəşr edir-ARAŞDIRMA

25 İyun 2015 16:00 (UTC+04:00)

"Övladım bu il birinci sinfə gedəcək. Onu məktəbə hazırlaşdırmaq üçün hansı məktəbəqədər vəsaiti alım heç özüm bilmirəm. Bir deyil, iki deyil. Satıcıdan məktəbəqədər vəsait istəyəndə 10-15 ədəd kitab çıxardır. Bunlardan hansını alaq, hansı ilə uşağı məktəbə hazırlaşdıraq, özümüz də qalmışıq çətin vəziyyətdə. İçərisini açıb baxırıq elə çətin məsələlər var ki, heç özümüzün başı çıxmır. Məktəbəqədər hazırlıq üçün nəzərdə tutulan riyaziyyat kitablarına hesablamanı kəsr formasında salıblar. Riyaziyyatdan məktəbəqədər hazırlıq vəsaitlərindəki məsələlərin çoxunu biz belə həll edə bilmirik. Bunu uşağa necə öyrədək?"

Yəqin ki, övladı 1-ci sinfə gedəcək valideynlər arasında həmsöhbətim Gülər kimi dilemma qarşısında qalanların sayı çoxdur. Uşaq bağçaların sayının məktəbə gedəcək uşaqların sayı ilə tərs mütənasib olması artıq illərdir ki, məktəbəqədər hazırlıq kimi məsuliyyətli və çətin bir işi  valideynərin çiyninə qoyub. İndi valideynlərin bəziləri övladını məktəbəqədər hazırlıq keçmək üçün müəllim yanına göndərir, buna maddi imkanları çatmayanlar isə övladını satışdakı məktəbəqədər vəsaitlərdən istifadə etməklə 1-ci sinfə hazırlayır. Hətta repetitor kimi 1-ci sinfə hazırlıq aparan müəllimlər də məhz satışdakı məktəbəqədər vəsaitlərldən istifadə etməklə təlim aparırlar.  İllərdir ki, məktəbəqədər və ibtidai siniflər üzrə repetitor kimi fəaliyyət göstərə Ramilə Məmmədova da vəziyyətin ilbəil pisləşdiyini deyir: "Biz də çox qəliz problemlə üzləşmişik. Hər il məktəbəqədər hazırlıq vəsaitlərinin yeniləri nəşr edilir. Mən 20 ildən çox ibtidai sinif müəllimi kimi Bakı məktəblərində fəaliyyət göstərmişəm. Müəllim işləmək sərf etmədiyindən, hazırlıq müəllimi kimi kifayət qədər tanındığımdan artıq 4 ildir ki, evdə məktəbəqədər və ibtidai sinif üzrə uşaq hazırlaşdırıram. Məktəbəqədər hazırlıq kitablarına salınan məsələ və məntiqi testlər 1-ci sinfin 2-ci yarımili üçün nəzərdə tutulan proqrama uyğundur. Çap olunan bu kitabların demək olar ki, çoxunun məktəbəqədər hazırlıq proqramına qəti aidiyyatı yoxdur. Məsələ və misallar, mətinlər 1-ci sinfin nəinki birinci, ikinci yarımili üçün nəzərdə tutulmuş proqrama aiddir. Valideynlərin çoxu uşağını bu vəsaitlərlə 1-ci sinfə hazırlayır. Elə biz də məcbur qalıb çoxundan istifadə edirik. Amma bilirik ki, öyrətdiyimiz nə uşağın yaşına nə də onun qavrama qabiliyyətinə uyğundur". 

Elə Movqe.az saytının apardığı araşdırma zamanı da satışda məktəbəqədər vəsaitlərin sayının çox olduğu, bir fənn üzrə 5-6 cür vəsaitlər çap olunduğu məlum oldu. Həmin vəsaitlərin bəziləri müəllif nəşri olsa da, əksəriyyəti nəşriyyatların, kursların məhsuludur. Bir valideyn kimi biz də "bu vəsaitlərdən hansı ilə uşağı 1-ci sinfə hazırlaşdırmalıyıq" sualı qarşısında  xeyli fikirləşməli olduq. Odur ki, elə bu sualla da ekspertlərə müraciət etdik. 

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev Movqe.az-a açıqlamasında bildirdi ki, məktəbəqədər hazırlıq vəsaitləri gəlir əldə etmək üçün hazırlandığından məsələnin digər tərəfi bu cür vəsaitləri hazırlayaraq çap etdirənləri qətiyyən düşündürmür: " Bu cür vəsaitlərin çoxu pedoqoji cəhətdən özünü doğrultmur. Bu kitabların çoxu məktəbəqədər hazırlıq yaşı dövründə uşaqların yaşına uyğun hazırlanmayıb. Həmin kitabların çoxunu açıb baxsanız görəcəksiniz ki, orada 1-ci sinifdə keçiləcək proqrama aid mətnlər, məsələlər salınıb. Bu kökündən yalnış metoddur. Uşağa məktəbəqədər hazırlıqda məktəbdə keçiləcək proqramı öyrətmək düzgün deyil. Uşaq asanan çətinə doğru öyrənməlidir. Bu kitablar isə uşağı çətindən asana doğru aparır. Belə halda məktəbə gedən uşaqda dərsə həvəs azalır, uşaq çaşbaş qalır".

Ə. Ağayev deyir ki,məktəbəqədər hazırlıq vəsaitlərinin çoxunda məntiqi testlər, məntiqi inkişaf etdirəcək suallar səhv tərtib edilib: "İti, pişiyi qoyub uşağa uzun və qısanın müqayisəsini dinazavrla öyrədirlər. Uşağın çoxu bu bədheybət, dövrümüzə skleti gəlib çatan heyvanı tanımırlar axı. Ona görə də, bu cür vəsaitlərin kor-koranə hazırlanaraq çap edilməsinə göz yummaq olmaz. Təhsil Nazirliyi Elmi Metodik Şuraların işini bərpa etməli, bu cür vəsaitlərin nəşrinə məhz həmin şuraların qərarından sonra icazə verməlidirlər".

Azərbaycan Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurasının sədri Elmina Kazımzadə də məktəbəqədər vəsaitlərin hazırlanması zamanı müəlliflərin məktəbəqədər hazırlıq keçən uşağın yaş senzini nəzərə almalarının vacib olduğunu söyləyir. Şura sədri dərslik hesab olunmadığından, bu cür vəsaitlərin Qiymətləndirmə Şurasının nəzarətindən keçmədiyini bildirdi. Bununla belə E. Kazımzadə deyir ki, əgər müəlliflər həmin vəsaitlərin Təhsil Nazirliyinin qrifini almasını istəyirlərsə, mütləq həmin vəsaitləri məktəbəqədər təhsilin təlim vəsaiti standartına uyğun hazırlamalıdırlar. 

Təhsil Problemləri İnstitutunun Məktəbəqədər Təhsilin Kurikulumu şöbəsinin rəhbəri Laləzar Cəfərova da satışdakı məktəbəqədər hazırlıq vəsaitlərinin çoxunun məktəbəqədər hazırlıq proqramının standartına uyğun olmadığını təsdiqləyir: "Mən özüm də dəfələrlə rastlaşmışam ki, satışda bu standarta uyğun olmayan məktəbəqədər vəsaitlər satılır. Bu vəsaitlərin çoxu uşaq inkişaf mərkəzləri tərəfindən hazırlanır. Onların da məsədi ancaq pul qazanmaqdır.  Müəllifləri, həmin mərkəzləri ancaq gəlir maraqlandırır. Bu zaman həmin vəsaitin içindəkilərin  uşağın yaşına uyğun olub olmadığı, məktəbəqədər proqramın standartına uyğun gəlib-gəlmədiyi onların marağında olmur. Nəticədə zərbə də uşaqlara dəyir. Məktəbə getməmiş onların yaşına, qavrama qabiliyyətinə uyğun olmayan materiallarla yüklənirlər. Halbuki, bu çox ciddi faktrdır. 1-ci sinif dərsliyi hazırlanarkən bu kitabların üzərində pedoqoqlar, psixoloqlar işləyirlər. Həmin kitaba ancaq uşağın həmin yaşda qavraya biləcəyi, dərk edərək analiz etmələri mümkün olan materiallar salınır. Bunun üçün müzakirələr aparılır. Məktəbəqədər vəsaitləri gəlir məqsədilə çap edənləri isə hələ 6 yaşı tamam olmayan uşaqların bu proqramı necə mənimsəyəcəyi qətiyyən maraqlandırmır. Bu gün çox az sayda məktəbəqədər vəsait var ki, bizim şöbə ona baxaraq rəy verib, müəyyən düzəlişlər edib. Həmin vəsaitlərin çoxu özbaşına, necə gəldi çap olunur.Çox zaman valideynlər də bu nüasları bilmədiklərindən uşağı həmin vəsaitlə məktəbə hazırlaşdırırlar".

L. Cəfərova deyir ki, bu vəsaitlərin məktəbəqədər koloqrafiya qaydalarına uyğun hazırlanması şərtdir. Odur ki, Təhsil Nazirliyi satışa məktəbəqədər hazırlıq vəsaiti buraxan uşaq inkişaf mərkəzləri, müəlliflər qarşısında bu vəsaitləri məktəbəqədər proqram standartına uyğun hazırlamaları ilə bağlı şərt qoymalıdır. Çünki, nəticədə bu vəsaitlərlə hazırlıq keçən uşaqlar məktbə gəlirlər. 

 Məktəbəqədər vəsaitlər çap edərək satışa buraxanlar isə bunun əksini düşünür. Hədəf Şirkətinin direktoru Şəmil Sadıq Movqe.az-a açıqlamasında bildirib ki, bu əyani vəsaitləri hazırlayan müəlliflər kifayət qədər peşəkar insanlardır: "Bizim şirkətin çap etdiyi məktəbəqədər vəsaitin müəllifi Gülnar Xəlilovadır. Okurikulum məzmunun standartlarından kifayət qədər başı çıxan metodistdir. Üstəlik əyani vəsaitə tanınmış liseylərdə dərs deyən müəllimlər də rəy veriblər. Bundan əlavə biz həmin vəsaiti nə baxçalara, nədə ki, məktəblərə satırıq. Kim bəyənirsə alır, kim bəyənmirsə almır. Biz məhsulu satışa çıxardırırq. Buna görə kimdənsə icazə, razılıq almağa lüzum yoxdur". 

Şirkət direktoru  bu cür məktəbəqədər vəsaitlərin məcburi satılmadığını desə də, həmin vəsaitlərin kifayət qədər bazarının olduğu göz qabağındadır. Bu isə o deməkdir ki, həmin vəsaitlərin məktəbəqədər koloqrafiya qaydalarına uyğun hazırlanması vacibdir.