İlham Əliyev Latviyanın keçmiş Prezidentini qəbul edib
25 İyun 2015 19:45 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyunun 25-də Latviya Respublikasının keçmiş Prezidenti, Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike-Freyberqanı
qəbul edib. Dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin həmsədri kimi göstərdiyi fəaliyyəti ilə bağlı Latviyanın
keçmiş Prezidenti Vayra Vike-Freyberqayanın Azərbaycanın yüksək
dövlət mükafatlarından olan "Dostluq" ordeninə layiq görüldüyünü
dedi və ordeni ona təqdim etdi. Latviyanın keçmiş Prezidenti xanım
Vayra Vike-Freyberqa Azərbaycanın yüksək dövlət mükafatlarından
olan "Dostluq" ordeninə layiq görülməsinə görə minnətdarlığını
bildirdi və bundan şərəf hissi keçirdiyini vurğuladı. Vayra
Vike-Freyberqa bundan sonra da Azərbaycanın ədalətli mövqeyini
müdafiə edəcəyini dedi. Latviyanın sabiq Prezidenti ölkəmizdə
həyata keçirilən abadlıq və quruculuq işlərinə toxunaraq
paytaxtımızda qədim və müasir arxitektura ənənələrinin çox gözəl
ahəngdarlıq təşkil etdiyini bildirdi. Görüşdə Azərbaycana qarşı
bəzi beynəlxalq təşkilatlar tərəfindən qeyri-obyektiv mövqeyin
nümayiş etdirilməsinin yolverilməz olduğu qeyd edildi. Söhbət
zamanı birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğu
vurğulandı, Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsi
işinə verdiyi töhfə yüksək qiymətləndirildi, ölkəmizdə gedən böyük
inkişaf proseslərinin önəmi qeyd olundu, Azərbaycan-Latviya
ikitərəfli münasibətlərinin inkişafından məmnunluq ifadə
edildi.