Radikal müxaliflər arasında savaş kəskinləşir

26 İyun 2015 11:10 (UTC+04:00)


 

Müsavat Partiyası ilə Əli Kərimlinin rəhbəri olduğu AXCP arasında ziddiyyət getdikcə kəskinləşir. Özlərinə yaxın mətbu orqanlarda, sosial şəbəkələrdə  bir-birinə qarşı müxtəlif təhqirlər, tənqidlər, hədyanlar yağdırırlar.

Məsələni şərh edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirdi ki, Müsavatla AXCP arasında yenidən alovlanan savaşın kökündə aldıqları qrantı bölə bilməmələri dayanır: "AXCP ilə Müsavat arasında yaşanan savaş heç də bu yaxınlarda başlamayıb, yəni, aralarındakı dava bu günün davası deyil. Onlar əslində, yarandığı gündən bir-birinə düşmən kəsiliblər və patoloji nifrətləri var. Müsavatla AXCP arasında gedən mübarizə İsa Qəmbərlə Əli Kərimli arasında gedən mübarizədir ki, bu savaş da gətirib partiyalararası müharibəyə çıxarıb. Hər iki partiya özlərini ana müxalifət rolunda görür. Özlərini elə göstərirlər ki, guya məhz özləri ana müxalifəti təmsil edir, buna görə də nüfuz sahibidirlər. Əslində isə, hər iki siyasi təşkilatın cəmiyyətdə nə rolu, nə nüfuzu var, onların heç biri cəmiyyətdə gedən proseslərə təsir etmək gücündə deyillər. Burada maraqlı bir məqama da toxunmaq istərdim. Aralarında daima çəkişmə, qarayaxma kampaniyası aparılır, bir-birinə qarşı patoloji nifrət bəsləyirlər. Eyni zamanda görürük ki, müəyyən bir məqamda bir araya gəlirlər. Harda Azərbaycan dövlətinin maraqları mühüm əhəmiyyət kəsb edir, radikal müxalifət təmsilçiləri olan AXCP ilə Müsavat orada olmur, onlar dövləti maraqlara zidd əks mövqe tuturlar. Azərbaycana, dövlətçiliyimizə qarşı hər hansı bir addım atılan kimi, bu iki radikal qüvvə bir yerdə olur. Digər vaxtlarda isə bir-birini didişdirirlər. Aydın məsələdir ki, Müsavatla AXCP-nin bir-birinə qarşı olan nifrəti, kin-küdurəti həmişə olacaq, onlar çətin ki, bu düşmənçiliyi dayandırsınlar. Hər biri özünü ana müxalifət elan edərək, kənardan aldıqları qrantdan daha çox pay qoparmağa çalışır. Yəni apardıqları davanın kökündə də əslində, məhz qrant davası dayanır. Yəni, bir-birinə qarşı  düşmən münasibətdə olmalarının əsasında qrant amili, onu bölə bilməmələri durur". 

Yurddaş Partiyasının sədri Mais Səfərli isə düşünür ki, gündəmdə qalmaq niyyətindən və aldıqları qrantı bölə bilmədiklərindən AXCP ilə Müsavat bir-birinə düşmən kəsilib: "Öncə onu deyəm ki, hazırda Müsavat və AXCP olduqca zəifləmiş bir siyasi təşkilata çevriliblər. Onların belə zəif vəziyyətə düşməsinin bir çox səbəbləri var. Həmin səbəblərdən biri də odur ki, bu partiyalar normal siyasi təşkilat kimi fəaliyyət göstərmək əvəzinə, didişirlər. Bu yolla da bir-birini zəiflətməklə məşğuldurlar. Hansı ki, bu ziddiyyət indinin özündə də davam edir. Bu ziddiyyətin kökü çox dərinə gedib çıxır. Hələ keçən əsrin 90-cı illərin əvvəlində onlar hakimiyyətdə olarkən, Müsavat Partiyası bərpa olunanda İsa Qəmbər AXC-nin bir çox üzvlərini öz təşkilatına transfer etməyə başladı. O, vəzifəsindən və imkanlarından istifadə edərək belədə parçalanmanın əsasını qoydu. O zamandan onlar arasında münasibətlərdə ciddi çatlar əmələ gəldi. Hansı ki, sonradan da bu çatlar kəskin ziddiyətə çevrilən dava səviyyəsinə qədər yüksəldi. Ara-sıra da bu dava özünü daha ciddi şəkildə büruzə verir. Bəzən hətta bir-birinə qurşaqdan aşağı zərbələr endirirlər. Düşünürəm ki, onlar arasında olan bu ziddiyyətlər uzun müddət davam edəcək. Bu qüvvələr normal fəaliyyət göstərmək əvəzinə, gündəmdə qalmaq, öz adlarının hallanması və suda batmamaq üçün ara-sıra belə davalara gedirlər. Amma gerçəklikdə də aralarındakı ziddiyyətlər antoqonist, barışmaz bir səviyyədədir. Həmin ziddiyyət də hər iki təşkilatı zəiflədir. Həmin partiyaların rəhbərliyində olan şəxslər arasında insani münasibətlər də çox kəskindir. Bu partiyaların uzaq perspektivdə bir araya gəlməsi gözlənilmir. Bu partiyalar bəzən xaricdən aldıqları maliyyəni bölüşdürmək məsələsi üstündə bir-birini qırırlar. Həmin bu məqam da aralarında olan düşmənçilikdə özünü bqüruzə verir".