Azərbaycanda yeni dərs ili başlayıb

15 Sentyabr 2012 14:28 (UTC+04:00)
Azərbaycanda "Bilik günü" qeyd edilir. APA-nın xəbərinə görə, bu gün ölkənin 4523 ümumi təhsil müəssisəsində "İlk zəng" çalınır. Təhsil Nazirliyinin (TN) mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, 2012-2013-cü tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərinin I sinfinə 130454 şagird qəbul olunub. Bu göstərici 2011-2012-ci dərs ilində 125408, 2010-2011-ci tədris ilində isə 120032 nəfər təşkil edib. Ölkə üzrə 1304687 şagirdin təlim-tərbiyəsi ilə 150998 müəllim məşğul olacaq.
Yeni dərs ilində ümumilikdə 50000 şagird yerlik 167 yeni orta məktəb tikilib, 103 məktəb əsaslı təmir edilib, 21 məktəb üçün 5104 şagird yerlik əlavə korpuslar inşa olunub. Təhsil Nazirliyi tərəfindən 16640 şagird yerlik 45 yeni orta məktəb tikilib. Həmçinin 3 təhsil müəssisəsi üçün 960 şagird yerlik əlavə korpuslar inşa edilib və 15 məktəbdə əsaslı təmir işləri aparılıb.
2012-2013-cü dərs ili üçün 194 adda 4018990 nüsxə dərslik və metodik vəsait çap edilərək məktəblərə çatdırılıb.
Yeni tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I sinfinə 36102 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində bu göstərici 35509 nəfər olub. Bu şagirdlərin 33000-dən artığı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeçiliyində olan orta məktəblərdə təhsil alacaq.
BŞTİ-dənAPA-ya verilən məlumata görə, yeni tədris ilində Bakı şəhərində 7 yeni məktəb binası inşa edilib. Onlardan 1-i Heydər Əliyev Fondu, 2-si Təhsil Nazirliyi, 4-ü icra hakimiyyətləri tərəfindən tikilərək istifadəyə verilib. 32 məktəbdə şagird sıxlığının aradan qaldırılması üçün əlavə korpus tikilib, 68 məktəbdə isə əsaslı təmir işləri aparılıb. Yeni dərs ilində şagirdlərin istifadəsi üçün məktəblərə 221 adda 471330 ədəd dərslik, 32 adda 17776 ədəd dərs vəsaiti verilib.