Raşida Dati: Avropa Oyunları böyük idman bayramı, universal dəyərlərin festivalıdır

27 İyun 2015 11:30 (UTC+04:00)

Hazırda Bakıda keçirilən və Avropa Olimpiya Komitəsi tərəfindən təşkil edilmiş I Avropa Oyunları sayəsində Avropanın Amerika və Asiyanın artıq malik olduğu kimi qitə oyunları olacaq. Bu, özündə dözümlülük, hörmət və düzgün oyun prinsiplərini daşıyan idman bayramına, universal dəyərlərin festivalına çevriləcək.


Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Avropa Parlamentinin deputatı, Parisin VII rayonunun meri Raşida Datinin Fransanın "L'Opinion" qəzetində I Avropa Oyunlarına həsr edilmiş məqaləsində deyilir.


Fransız siyasətçinin məqaləsində qeyd edilir: "Azərbaycanın I Avropa Oyunlarını keçirmək hüququnu əldə etməsi qızğın müzakirə olunur. Hazırda Avropada Qafqazın bu kiçik ölkəsinə qara yaxılır. Ola bilsin ki, Azərbaycanda hər şey ideal deyil, lakin ideal olan heç bir şey yoxdur. Bu, bizə haqq qazandırmamalıdır. Əbəs yerə onu "Qafqazın mirvarisi" adlandırmırlar".


Məqalədə bildirilir: "Vəzifəmiz Aİ, onun üzvləri və xüsusilə də Fransa ilə əlaqələrin dərinləşməsini davam etdirmək istəyən ölkənin uzatdığı əli geri çevirmək deyil. Aİ, eləcə də Fransa "Şərq tərəfdaşlığı" çərçivəsində Azərbaycanla dialoqu davam etdirir. Prezident Ollandın bu yaxınlarda Bakıya səfər etməsi bunun bariz nümunəsidir. Və bu dialoqa "real-siyasət"lə hədd qoyulmamalıdır. Azərbaycanda həyata keçirilən islahat və səylərə kömək etmək lazımdır".


R.Datinin sözlərinə görə, coğrafi cəhətdən İran və Rusiya arasında, həmçinin Ukraynanın yaxınlığında yerləşən Azərbaycan sabitlik nümayiş etdirir ki, bu da qiymətləndirilməyə layiqdir: "Bakı Dağlıq Qarabağ regionuna görə uzun müddətdir, Yerevanla münaqişə vəziyyətindədir. Bununla belə, ölkənin sabitliyinə yalnız təəccüb etmək olar".


O qeyd edib ki. Azərbaycanın sabitliyinin əsas səbəblərindən biri burada mövcud olan mötədil islamdır: "Azərbaycanlıların 96 faizi müsəlmandır. Azərbaycan xalqı özünün müsəlman irsi ilə fəxr edir və Azərbaycanda radikal islam mövcud deyil. 1918-ci ildə qadınlara səsvermə hüququ verilməsi və onların cəmiyyətdə başı yuxarı gəzə bilmələri faktı diqqəti cəlb edir. Dinə təzyiq və məcburiyyət olmadan azad formada etiqad edilir".


Məqalədə deyilir: "Öz tarixi, Qərblə Şərq arasında coğrafi mövqeyilə fəxr edən Azərbaycan mədəniyyətlər arasında körpü olmaq istəyir. Bu ölkə mədəniyyətlərarası dialoqda vasitəçi olmaq niyyətindədir. Azərbaycan YUNESKO, Avropa Şurası və İSESKO kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində işləyir. Buna rəğmən, Avropa bu ölkəni izqoy kimi təqdim etmək istəyir. Bu, ümidsizlik yaradır və azərbaycanlıları məyus edir. Yaxşı təşəbbüslər düzgün dialoq yolu ilə təşviq edilməlidir. Avropa öz məsuliyyətini hiss etməlidir! Məhəl qoymamaq yerinə Azərbaycan rəhbərliyi ilə söhbət etmək lazımdır və irəliləyiş olanda, bunu təşviq etmək lazımdır. Əgər mövqeyimizi dəyişməsək, itirəcəyimiz bir şey var. Tarix bizə artıq sübut edib ki, ölkəyə həqarətlə yanaşanda və onunla hesablaşmayanda o, radikallaşır. Niyə keçmiş səhvlərimizdən dərs çıxarmayaq?".