Cenifer Lopezin 5 təyyarə “cehizi” Bakıda

17 Sentyabr 2012 13:45 (UTC+04:00)

Bakıda "Crystal Hall"da məşhur müğənni Cenifer Lopezin solo-konsertinə hazırlıq prosesi davam edir. Bu barədə konserti təşkil edən şirkətin PR və marketinq direktoru Zaur Darabzadə məlumat verib.

O, bildirib ki, C.Lopezin konserti üçün xaricdən 65 yük maşını və beş təyyarə ilə bütün texniki avadanlıqlar Bakıya gətirilib və hazırda "Crystal Hall"da 500 işçi tərəfindən avadanlıqlar quraşdırılır. İşçilər arasında xaricdən gələn mütəxəssislər var.

Z.Darabzadə onu da qeyd edib ki, konsertin biletlərinin satışı davam edir: "Yalnız satışda 80-125 manat dəyərində olan biletlər qalıb. 35-230 manatlıq biletlərin hamısı satılıb".

O, C.Lopezin konsertinin saat 21:00-da başlayacağını və saat 23:00-da bitəcəyini deyib. Amma konsert salonuna giriş saat 19:00-da başlanacaq.

Qeyd edək ki, dünya şöhrətli ulduzlar – Cenifer Lopez sentyabrın 23-də, Rihanna oktyabrın 6-da, Şakira isə oktyabrın 14-də "Crystal Hall" konsert zalında solo-konsert proqramıyla çıxış edəcəklər.