Azərbaycan Avropa üçün yeni tarix yazdı

29 İyun 2015 10:30 (UTC+04:00)

İyunun 12-28-dək 17 gün ərzində davam edən Bakı 2015 Avropa Oyunlarını "Azərbaycan baharı" kimi xarakterizə etmək olar. Digər "bahar"lardan fərqli olaraq "Azərbaycan baharı" ölkənin siyasi, idman, mədəniyyət və iqtisadiyyat kimi vacib sahələrində çiçəklənməyə xidmət etdi. "Azərbaycan baharı"nın daha bir özəlliyi xalqın hakimiyyətlə həmrəyliyi oldu. O cümlədən Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın yüksək peşəkarlığı, qətiyyətliyi ilk Avropa Oyunlarının uğurla başa çatmasına səbəb oldu.



I Avropa Oyunlarınadək siyasət və iqtisadiyyatda Azərbaycan modelləri dünya ölkələrinə örnək göstərilirdi.

Dünyanın güc mərkəzləri arasında balanslaşdırılmış siyasət yürüdən rəsmi Bakının müstəqil siyasəti var. Hərçənd, strateji və olduqca mürəkkəb coğrafi mövqedə yerləşərək bunu etmək olduqca çətindir. Bu amil Azərbaycanın siyasi modelindən danışmağa əsas verir.


2008-ci ildə dünya maliyyə böhranı ölkələrin iqtisadiyyatına ağır zərbə vurduğu halda Azərbaycan iqtisadi artım tempinə görə qabaqcıl yerlərdən birini tutdu. İndi də bu artım tempi qorunur. İqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan təcrübəsi, ölkənin sosial-iqtisadi inkişaf modeli digər ölkələr tərəfindən öyrənilir.


Hər iki model sonda idmanda Azərbaycan modelinin yaranmasına rəvac verdi. Azərbaycan I Avropa Oyunlarını uğurla keçirərək özünün idman modelini yaratdı. Artıq sonrakı illər bu Oyunları təşkil edəcək Avropa ölkələri məhz bu modeldən faydalanacaqlar.


I Avropa Oyunlarının Azərbaycan üçün ən böyük faydası onun dünyada daha da tanınması oldu. 24 illik müstəqil dövlət üçün bu, çox əhəmiyyətlidir. Azərbaycan Oyunların 17 günü ərzində bəlkə də 17 ildə nail olacağı uğura imza atdı. Dünyada özünü tanıtmaq elə də asan məsələ deyil. Bunun üçün informasiya blokadasını yarmaq lazımdır.


Ölkənin tanınma məsələsinin çətinliyi dünya mediasının müəyyən dairələr tərəfindən məqsədyönlü idarə edilməsidir. Bunun bariz nümunəsini I Avropa Oyunlarında gördük. "Euronews" kimi bəzi nüfuzlu telekanallar qərəzli olaraq Oyunların açılış mərasimini canlı yayımlamadı. Bəzi mətbu orqanlar isə bu Oyunları Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi istifadə etdi.


I Avropa Oyunlarını keçirdiyinə görə Bakıya qarşı qərəzli münasibət bəsləyənlər yaxşı başa düşürlər ki, Oyunlar Azərbaycan üçün ölkə həqiqətlərini dünyaya çatdırmaq baxımından unikal fürsətdir. Dünyada idman və musiqi yarışlarının geniş auditoriyası olur. Buna görə də Azərbaycanın "Eurovision" mahnı müsabiqəsini və I Avropa Oyunlarını keçirməsi Bakının nə qədər doğru yolda olduğunu göstərir. Oyunlara gəlmiş 6 mindən çox idmançının, çoxsaylı nümayəndə heyəti üzvlərinin yarışlarla bağlı sosial şəbəkələrdə foto və yazılar paylaşması da Azərbaycanı Avropaya daha da yaxın etdi. Nəzərə almaq lazımdır ki, idmançıların sosial şəbəkələrdə geniş izləmə auditoriyası olur.


I Avropa Oyunları Azərbaycanın tarix və mədəniyyətini dünyaya nümayiş etdirmək üçün də əla fürsət oldu. O tarix və mədəniyyət ki, Ermənistan da daxil olmaqla başqaları onu özününküləşdirmək istəyirlər. Bir çoxları isə bu tarix barəsində məlumatlı deyillər. Oyunların açılış mərasimində və yarış boyu Dağlıq Qarabağ regionu, şair Nizami, "Sarı gəlin" mahnısı, tütək və daha bir çox başqa dəyərlərin Azərbaycana məxsus olduğunu dünyaya canlı yayımda çatdırdıq.


Diqqət çəkən faktlardan biri də köhnə qitənin tarixində ilk Avropa Oyunlarının müsəlman ölkəsində keçirilməsi oldu. Bu fakt Avropada islamofobiyanın artması fonunda önəm daşıyır. Oyunları təşkil etməklə Azərbaycan avropalıların müsəlmanlarla bağlı yanlış təsəvvürlərini aradan qaldırmağa imkan vermiş oldu, İslam ölkələri arasında isə nüfuzunu artırdı. Azərbaycan sübut etdi ki, təkcə coğrafi baxımdan deyil, həm də əməldə də Qərblə Şərq arasında körpüdür. Avropa Oyunları və 2017-ci ildə ölkəmizdə keçirilməsi planlaşdırılan İslam Həmrəylik Oyunları artıq ölkənin multikultiralizm, tolerantlıq mərkəzinə çevrildiyindən xəbər verir.


Bakı I Avropa Oyunlarını təşkil etməklə özünün idman sahəsində keçirəcək tədbirlərilə bağlı hədəflərini də "çətinləşdirdi". Artıq Azərbaycan üçün ən böyük hədəf və uğur Yay Olimpiya Oyunlarını Bakıda keçirməkdir. Azərbaycan buna nail olsa, daha bir ilkə imza atacaq. Çünki indiyə kimi Olimpiya Oyunlarını keçirmək heç bir müsəlman ölkəsinə həvalə edilməyib.


Azərbaycanın bunu bacarması üçün bütün resursları və şansları var.