Deputat: "Azərbaycan bütün dünyaya nəyə qadir olduğunu sübut etdi"

29 İyun 2015 16:10 (UTC+04:00)

Avropa Oyunlarının keçirilməsi ilə Azərbaycan bütün dünyaya sübut etdi ki, böyük miqyaslı oyunları yüksək səviyyədə keçirməyə qadirdir. Movqe.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.


Onun sözlərinə görə, Avropa Oyunlarının həm açılışı, həm də bağlanışı özünün möhtəşəmliyi ilə seçildi: "Çünki bu Oyunlara hazırlıq əvvəldən yüksək səviyyədə aparılmışdı, təşkilatçılıq işləri hərtərəfli görülmüşdü. Bəzi qüvvələr bizim burada gördüyümüz işləri alt-üst etmək istəyirdilər. Deyirdilər ki, Azərbaycanın bu Oyunları keçirməyə gücü çata bilməz, müəyyən problemlər yaranacaq, stadionlar yarıtmaz vəziyyətdədir. Lakin Oyunların açılışı, gedişatı və bağlanışı bu fikirlərin hamısını alt-üst etdi. Azərbaycan bütün dünyaya sübut etdi ki, bu ölkə nəyə qadirdir, bu xalq nə qədər qonaqpərvərdir, bacarıqlıdır".


T.Rzayevin sözlərinə görə, Avropa Oyunlarının ən böyük möhtəşəmliyi Azərbaycan idmançılarının qələbələri oldu: "Biz bunu gözləmirdik. Biz deyirdik ki, əvvəlki oyunlarla müqayisədə bu oyunlarda 1-2 medal artıq olsa, yaxşıdır. Ancaq Azərbaycan idmançıları qələbələri ilə tarix yazdılar".


T.Rzayev deyib ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bir tarix idi: "Ən yüksək tarixi isə bizim Azərbaycan idmançıları yazdılar. Onlar qazandıqları qələbələri ilə nəyə qadir olduqlarını göstərdilər. Bu Oyunlar Azərbaycanın həqiqətən də idman ölkəsi olduğunu bir daha göstərdi".