Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov 18
sentyabr 1885-ci ildə Şuşa qəzasının Ağcabədi kəndində anadan olub.
Dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist,
dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional
musiqi sənətinin və milli operasının banisi, EA-nın akademiki
(1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri
(1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru
(1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun
direktoru (1945-1948) Ü. Hacıbəyovun ilk müəllimi Azərbaycan
musiqisinin gözəl bilicisi, dayısı A. Əliverdibəyov olub. O,
1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb.
Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynayıb.
Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə
yaxından tanış olub. O, burada Avropa musiqi klassiklərinin
əsərlərini mənimsəyib, skripka və baritonda çalmağı öyrənib, xalq
mahnı nümunələrini nota köçürüb. Seminariyanı bitirdikdən sonra
Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim
təyin edilib.
O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır
(komediyalarının mətnini də özü yazıb). Onun "Ər və Arvad" (1909,
ilk tamaşası: 1910), "O Olmasın, bu Olsun" (1910, ilk tamaşası:
1911), "Arşın Mal Alan" (1913) musiqili komediyalarında inqilabdan
əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapıb.
Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya
gedib, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında,
1913-cü ildə isə Peterburq konservatoriyasında oxuyub. Peterburq
dövrü Hacıbəyovun yaradıcılığında mühüm rol oynayıb, o, "Arşın Mal
Alan" musiqili komediyasını məhz burada yaradıb.
Hacıbəyov 1921-ci ildə Bakıda Azərbaycanlı tələbələr üçün ilk
musiqi məktəbini – Azərbaycan Dövlət Türk Musiqi Məktəbini
(sonralar texnikum) təşkil edib. 1926-cı ildən Azərbaycan Dövlət
Konservatoriyasında fəaliyyət göstərən Hacıbəyov burada nəzəriyyə,
harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs deyib,
konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivi
yaradıb. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış
dahi bəstəkardır. O, 19-cu əsrin əvvəllərinədək şifahi xalq musiqi
sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi
Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları
ilə zənginləşdirib, Azərbaycan və ümumiyyətlə Şərq musiqisinin
gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini
müəyyənləşdirib.
Qeyd edək ki, böyük bəstəkarın doğum günü hər il ölkəmizdə musiqi
günü kimi qeyd olunur.