30 iyun - Sevgililər günü

30 İyun 2015 11:50 (UTC+04:00)

Movqe.az xəbər verir ki, artıq 10 ildir ki, ölkədə qeyd olunan bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizənin toy günü- 30 iyun tarixi Azərbaycan sevgililər günü kimi keçirilir.


Hər bir cəmiyyətin sevgi üzərində qurulduğu nəzərə alınarsa, orada iki insanın bu hisslərini təntənəli şəkildə qeyd edə bilməsi üçün müəyyən bir tarixi günün olması çox vacibdir. Yəqin ki, çoxlarının fikrinə fevralın 14-ü- Valentin günü kimi keçirilən bayram gəlir. Amma biz artıq 8 ildir ki, iyunun 30-da milli sevgililər gününü qeyd edirik.


Sosioloqlar əslində belə bir bayramı həm də milli dəyərlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətli sayır. Onların fikrinə görə, bu, həm milli bayramdır, həm qəhrəmanlıq tariximizdir, həm də sevgi kimi müqəddəs bir hisslə bağlıdır.


14 fevralın bütün dünyada olduğu kimi Azərbaycanda da qeyd olunmasına təbii yanaşan sosioloqlar, 30 iyunun sevgililər üçün daha böyük bir bayrama çevrilməsini məqsədəuyğun hal kimi qiymətləndirirlər. Onların fikrincə, milli sevgililər gününün daha böyük bir səviyyədə keçirilmə ənənəsi formalaşsa, bu, ölkəmizin də mövqeyinə xoş təəssüratlar gətirər.


"Bütün dünya cəmiyyətlərinin hər zaman təmiz sevgiyə ehtiyacı olub. Ətraf aləmdə baş verən neqativ situasiyalarla məhz əsl sevgi vasitəsilə mübarizə aparmaq olar. Odur ki, ürək və ağılın birgə qərar verdiyi bu ülvi hissləri yaşamaqdan çəkinməyin. Elə bu gün - Sevgililər günündə sevginizi bir daha etiraf etməkdən də".


SEVGİLİLƏR GÜNÜNÜZ MÜBARƏK!!!