Güneyli soydaşlarımızın hüquqları yenə pozulur
13 Aprel 2012 14:47 (UTC+04:00)
İranda yaşayan soydaşlarımızın hüquqlarının pozulması, onlara hətta
öz doğma dillərində belə təhsil almağa imkan verilməməsi haqda
dəfələrlə məlumat verilib və dünya bu reallıqlardan yaxşı
xəbərdardır. Cənublu soydaşlarımızın üzləşdiyi problemlər, real
vəziyyətləri Vaşinqtondakı Mərkəzi Asiya və Qafqaz İnstitutunda da
geniş müzakirə olunub.
Burada qeyd olunub ki, İranda azərbaycanlılara qarşı rəsmi qaydada
ayrı-seçkilik meyilləri artıb. Konfransda məruzəçi qismində çıxış
edən İran azərbaycanlısı Şapur Ənsari qeyd edib: "Təzyiqlərə daha
çox Azərbaycan dili və mədəniyyətinin müdafiəçiləri məruz
qalırlar". Onun sözlərinə görə, bir tərəfdən rəsmilər, konkret
olaraq xarici işlər naziri Əli Əkbər Salehi İran əhalisinin 40
faizinin türkdilli olduğunu etiraf etsə də, digər yandan bu dildə
ölkədə bir dənə olsun təhsil ocağının yoxluğuna aydınlıq
gətirməkdən yayınırlar: "Bu haqları tələb edənləri isə məsələn,
tanınmış jurnalist Səid Mətinpur kimi, uzun illərin həbsxana həyatı
gözləyir. Hüquqi cəza ilə yanaşı, rejim Azərbaycan dili
tərəfdarlarını mənəvi təzyiqlərə məruz qoyur, belə ki, rəsmi
mediada onlar "avam və savadsızlar" kimi təqdim olunur. Azərbaycan
dilində təhsillə yanaşı, radio və televiziya yayımlarına da ölkə
ərazisində qadağa qoyulub"
Bununla rejim, Ənsarinin təbirincə, qeyri-fars millətlər arasında
"özünüinkar" toxumu səpməyə çalışır. Belə ki, bəzən onlar açıq
kütlə qarşısında kimliklərini gizlətməkdən başqa çarə
tapmırlar.
Cənab Ənsari İranın xarici siyasətində anti-Azərbaycan meyillərinə
diqqəti çəkib. Belə ki, onun fikrincə, Qarabağ müharibəsinin
başlanğıcında İran sərhəd qapılarının Azərbaycandan gedən
qaçqınların üzünə bağlamışdı, halbuki, oxşar vəziyyətlərdə
Əfqanıstan, İraq və hətta Küveytdən olan qaçqınlar İrandan
humanitar dəstək görə biliblər: "İran həmçinin Ermənistanın
Azərbaycan ərazilərini işğalına göz yumur, hərçənd, Yaxın Şərqdə
İsrailin Fələstin torpaqlarını tərk etməsinə Tehran lobbiçilik
edir".
Digər məruzəçi ABŞ Hərbi Akademiyasından Hüseyn Pənahov isə diqqəti
tarix boyu İranda müxtəlif rejimlərin azərbaycanlılara qarşı
ədalətsiz münasibətinə çəkib: "Baxmayaraq ki, bu rejimləri olduqca
böyük dəyərlər və fərqli siyasət fərqləndirir, lakin onlar
Azərbaycan məsələsində hamısı aşağıdakı fikirdədirlər: "Bu millətin
İranda güclənməsinə imkan vermək olmaz, çünki onların sayı həddən
artıq çoxdur". Bu da azərbaycanlılara qarşı diskriminasiya
siyasətinin güclənməsi ilə müşayiət olunur".
Bununla yanaşı, okeanın o tayında keçirilən daha bir mühüm tədbirdə
İranda yaşayan azərbaycanlıların durumuna diqqət yetirilib. Belə
ki, Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi illik
Qlobal Təhlükəsizlik Forumu keçirib. Forumda ABŞ-ın aparıcı müdafiə
və təhlükəsizlik üzrə mütəxəssisləri Əfqanıstan, Pakistan və Yaxın
Şərqdə Birləşmiş Ştatların rolu, neft və qaz bazarları, Avropanın
iqtisadi təhlükəsizliyi, kiber təhdidlər və digər məsələlər barədə
fikir mübadiləsi aparıblar. Müzakirə panellərindən biri
Türkiyə-İran-Rusiya münasibətlərinin dinamikasına həsr edilib. Bu
mövzuda müzakirə aparan Ağ evin sabiq milli təhlükəsizlik
müşavirləri Zbiqnev Bzejinski və general Brent Skoukroft hər üç
ölkənin Qafqazda və Mərkəzi Asiyada siyasətindən danışıblar.
Qafqazda cərəyan edən hadisələrin həssaslığını qeyd edən Bzejinski
ABŞ hökumətini bu regionda daha ehtiyatlı və müttəfiqlərin
təhlükəsizlik maraqlarını nəzərə alan siyasət yürütməyə çağırıb. O
bildirib ki, bölgədə artan hər hansı gərginlik Rusiyanın burada
daha geniş müdaxiləsinə imkan yarada və hətta Rusiya-Gürcüstan
arasında növbəti silahlı qarşıdurmaya təkan verə bilər. Azərbaycanı
Avropadakı müttəfiqlər üçün vacib enerji mənbəyi adlandıran
professor Xəzər hövzəsində münaqişələrin şiddətlənəcəyi təqdirdə
Bakı-Tiflis-Ceyhan boru kəmərinin də təhlükə altında olduğunu
düşünür. Sabiq müşavir İranda yaşayan çoxsaylı Azərbaycan mənşəli
əhalinin mövcudluğunu diqqətə çatdıraraq bu faktoru lazımınca
qiymətləndirməyə çağırıb.
Səməd CƏFƏROV