Azərbaycan iki astronavtın adını arzuolunmaz şəxslər siyahısına salacaq

18 Sentyabr 2012 12:45 (UTC+04:00)

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş tanınmış amerikalı astronavt Çarlz Dyuk və isveçrəli astronavt Klod Nikolyenin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.
O qeyd edib ki, Azərbaycan tərəfi ilə razılaşdırılmadan Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizə səfərlə bağlı dövlətin mövqeyi prinsipial olaraq dəyişməz qalır: "Azərbaycanın işğal olunmuş ərazilərinə istənilən səfər qanunsuzdur. Belə səfər etmiş adamların adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək".
Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə, Çarlz Dyuk və Klod Nikolye sentyabrın 16-da Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilmiş "İnsan və kosmos" konfransında iştirak ediblər. Çarlz Dyuk Aya beşinci dəfə insan aparan "Apollon-16" ekspedisiyasının tərkibində olub. O aya ayaq basmış ən gənc astronavtdır. Klod Nikloye isə kosmosa çıxmış və dörd dəfə kosmik uçuş həyata keçirmiş yeganə isveçrəlidir.