Arzu Nağıyev: "Azərbaycan Ermənistanı qısa vaxt ərzində təslim olmağa məcbur edə bilər"

30 İyun 2015 11:30 (UTC+04:00)

"Erməni idmançısı ölkəsinə qayıdandan sonra Azərbaycanda aldığı gümüş medalı böyük bir fəxrlə sinəsində gəzdirirdi. Bunu mən Azərbaycanda keçirilən mötəbər bir tədbirdə, Avropa Oyunlarında almışam deyə fəxarət hissi keçirirdi. Buradan Yerevana qayıdan idmançılara qarşı olan münasibət və onların verdikləri müsahibələr bir daha Azərbaycana qarşı olan münasibəti biruzə verdi".


Movqe.az xəbər verir ki, bu sözləri Milli.Az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi şərhçi Arzu Nağıyev Bakıda keçirilən ilk Avropa Oyunlarının nəticələrini və erməni idmançıların da bu oyunlarda iştirakını şərh edərkən deyib.


Onun sözlərinə görə, ermənilərin bu cür reaksiyasını heç bir diaspora, heç bir lobbi təşkilatları yayımlamadı.


"Siyasətçilər nə deyirsə desin, iştirak edən, hətta travma alan ermənilərə münasibət hər şeyi göstərdi. Onlar şəhərimiz haqqında, Azərbaycan xalqı haqqında müsbət fikirlər söylədilər. Artıq istər lobbi, istər diaspora, istərsə də ermənipərəst qüvvələr bundan öz nəticələrini çıxarmalıdırlar və mənə elə gəlir ki, çıxardılar da", - deyə o əlavə edib.


Bununla belə, ekspert Arzu Nağıyev hesab edir ki, Azərbaycana qarşı aparılan qara PR kampaniyası tək erməni lobbisinin ortaya atdığı məsələ deyildi, eyni zamanda ermənipərəst qeyri-hökumət təşkilatlarının öz maraqları və məqsədləri var idi.


"Azərbaycan isə öz tolerantlığı ilə öz münasibəti ilə bəyan etdi ki, ölkəmizə qara yaxanlar yanlışlığa yol veriblər", - Nağıyev vurğulayıb.


Ekspert hesab edir ki, Avropa Oyunlarının keçirilməsi ilə erməni cəmiyyətində Azərbaycana qarşı fikirləri dəyişdi: "Söhbət tək erməni millətindən gedirsə, Rusiyanın güləş üzrə yığma komandasının məşqçisi də milliyətcə erməni idi. O, Azərbaycan haqqında çox yüksək fikirlər söyləyirdi. Həm şəhərin gözəlliyi, həm insanların münasibəti, oyunların təşkili, idmançılara qarşı münasibət barədə xoş sözlər deyirdi. Bu hamısı verilən bir qiymət idi. Bu, erməni cəmiyyəti üçün siqnal kimi ortaya qoyuldu ki, Ermənistanın təcavüzü ilə üz-üzə gəlməsinə, Qarabağ kimi böyük bir problemlə üz-üzə qalmasına baxmayaraq, Azərbaycan inkişaf edir, istər iqtisadi cəhətdən, istər siyasi cəhətdən tərəqqiyə doğru addımlayan bir ölkədir".


Ermənistanla Azərbaycan arasındakı münaqişədən danışan A.Nağıyev qeyd edib ki, problemi həll etmək üçün böyük bir gücə sahib olmalıyıq.


"Bu, tək Ermənistan-Azərbaycan məsələsi deyil. Burada çox böyük maraqlar toqquşur. Tək Azərbaycana qalsa, dövlətimiz Ermənistanı istər siyasi cəhətdən, istər güc baxımından, istər hərbi cəhətdən qısa vaxt ərzində təslim olmağa məcbur edə bilər. Burada başqa maraqlar da var ki, Ermənistanla Azərbaycan daim üz-üzə gəlsin və burada daim münaqişə olsun. Ancaq ictimai fikri dəyişməyə qalsa, ortaq məxrəcə gəlmək olar", - deyə Arzu Nağıyev vurğulayıb.