Kreditlərə görə banklara ödənilən pullar azalacaq

1 İyul 2015 09:00 (UTC+04:00)

Ölkə banklarının yüksək komisyon haqları müəyyən etməklə vətəndaşlardan kredit götürərkən daha çox vəsait alması praktikasına nəhayət son qoyuldu. Belə ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarına müştərilərə verilən kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komisyon a haqqının 1% həcmində məhdudlaşdırılmasına dair göstəriş verib.  Müvafiq  qərar artıq qüvvədədir.

Məlumata görə, AMB-nin bu qərarı nəticəsində bir  çox banklar istehlak kreditləşdirilməsini müvəqqəti dayandırıb və yaxın dövr üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirmək üçün bank rəhbərliyi səviyyəsində məsləhətləşmələrə başlanılıb. Xatırladaq ki, son aylarda bir çox kommersiya bankında kreditlərə görə komissiya xərcləri 3-7% civarında olub. Bu vəziyyət isə banklardan kredit götürənlərin daha çox xərcə düşməsinə səbəb olurdu.

Ümumiyyətlə, aparılan araşdırmalar göstərirdi ki, bankların effektiv faizi ilə nominal faizi arasında dam fərq müşahidə olunur. Reklamlarda bir faiz elan olunur. Ancaq vətəndaş kredit götürdükdə bəlli olur ki, faiz daha yüksəkdir. Faiz dərəcələrində fərqlərin yaranması onunla bağlı olurdu ki, bankların komisyon haqları kifayət qədər yüksəkdir. Bu, bank sektorunda komisyon tələsi kimi qiymətləndirilir. Məsələn, vətəndaş 10 min manat kredit götürmək istəyir və bank kreditin 25 faiz olduğunu elan edir. Vətəndaş banka kredit üçün müraciət edəndə bəlli olur ki, bankın eyni zamanda 7%-lik komisyon haqqı var. Bu zaman iki sənədə qol çəkilir. Bir 10 min kreditə, biri 700 manatlıq sənədə. Baxmayaraq ki, 10 min manatlıq kredit götürülüb, kredit 10700 manatdan hesablanır. Bu isə kredit faizinin elan olunandan yüksək olmasına gətirib çıxarır. Buna görə də ekspertlər tövsiyə edir ki, vətəndaşlar komisyon haqlarının olub-olmamasına diqqət etməlidirlər. vəziyyətdən çıxış yolu kimi bankların komisyon tələsinin aradan qaldırılması üçün  maksimum dərəcələrin müəyyən edilməsi təklif olunurdu. Artıq bu istiqamətdə müvafiq addım atıldı. Pespektivdə isə komisyon haqlarını ləğvi istisna olunmur. Qeyd edək ki, Mərkəzi və Şərqi Avropa komisyon haqları 1%-dən azdır. Azərbaycanda isə bunun yüksək olması normal kredit faizlərinin dərəcəsinin artmasına gətirib çıxarırdı. Bu da vətəndaşlara sonradan götürdükləri kreditlərin geri qaytarılmasında böyük çətinliklər yaradırdı. Lakin artıq ölkənin baş bankı buna son qoydu. Vətəndaşlar kredit götürərkən banklara komisyon haqqına görə artıq daha çox vəsait ödəməyəcək.

İqtisadçı-ekspert Samir Əliyev isə qeyd edir ki, ümumilikdə bu təşəbbüs kredit bazarında rəqabətin yaranması baxımından müsbətdir və sui-istifadə hallarını aradan qaldıracaq. "Hazırda banklar komisyon haqları hesabına kifayət qədər manevr etmək imkanına malikdirlər. Təsəvvür edin ki, müştəri cəlb etmək üçün faiz dərəcələrini aşağı təklif edirlər. Müştəri müqavilə imzalayan an məlum olur ki, böyük həcmdə komisyon haqq ödəməlidir. Bir sözlə, banklar marketinq strategiyasına uyğun olaraq "aşağı faiz dərəcəsi - yüksək komisyon haqq" prinsipinə üstünlük verilir. Komisyon haqları hətta 6-7%-ə qədər çatır. Bu gəlir bankların gizli gəliri hesab olunur. Təsəvvür edin ki, illik faiz dərəcəsi 24% olan 6 aylığa verilən kreditlərin effektiv faiz dərəcəsi təxminən 7%-yə bərabərdir. Yəni banklar komisyon haqları hesabına 6 aylıq qazancı birdəfəyə, bir günə qazana bilirlər. Ancaq komisyon haqları üçün 1%-lik həddi qoyulması müştəriyə hansı bankın münasib şərtlərlə kredit verməsini müəyyənləşdirməyə imkan verəcək. Nəticədə kredit bazarında müəyyən rəqabət formalaşacaq".

Bank sektorunda tətbiqi gözlənilən daha bir mühüm yenilik isə  Azərbaycanda qorunan əmanətlər üzrə faiz dərəcəsinin (12%) və maksimum məbləğin limitin (30 min manat) aradan qaldırıla biləcəyidir. Bankirlər bildirirlər ki, burada əsas məqsəd manat qıtlığının aradan qaldırılması, eləcə də banklara daha çox əmanət formasında vəsait cəlb etməyə nail olmaqdır.

Hesab edilir ki, faiz dərəcəsi limitinin aradan qaldırılması əmanətçiləri pullarını banka yatırmağa sövq edəcək. Çünki, bu yenilik tətbiq olunsa, bütün əmanətlər sığortalı sayılacaq. Yəni, əmanətçilər istənilən vaxt pullarını geri ala biləcəyinə əmin olacaq və buna görə də pullarını banklara etibar edəcək. Bəzi mütəxəssislər hesab edir ki, faiz dərəcəsi limitinin ləğvində diferensial yanaşma tətbiq oluna bilər. Yəni, əmanətçiyə münasibətdə bu limit ləğv oluna bilər. Amma ola bilsin ki, banklara münasibətdə bu limit qalsın. Bu limitdən yüksək faizlə əmanət qəbul edən banklar buna görə Əmanətlərin Sığortalanması Fonduna müəyyən komissiya ödəsin.

 Sözügedən məsələ ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib ki, əmanətlərin sığortalanması üçün maksimal həddin, yəni 30 min manatın dəyişdirilməsi qanunla tənzimlənir: "Qorunan əmanətlər üzrə faiz dərəcəsinə isə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasının iclasında cari ilin 6 aylıq nəticələri müzakirə olunarkən baxıla bilər".

Xatırladaq ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası fevralın 23-də Mərkəzi Bankı ilə razılaşdırmaqla qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 24 fevral 2015-ci il tarixdən etibarən 9%-dən 12%-ə qaldırılması barədə qərar qəbul edilib.