Maklerlərin büdcədən yayındırdıqları böyük pullar

19 Sentyabr 2012 08:34 (UTC+04:00)

Son illərdə üzləşdiyi böhrana baxmayaraq, daşınmaz əmlak bazarı yenə gəlirli biznes növləri sırasında qalmaqda davam edir. Bu biznes növündə xeyli gəlir əldə edən tərəflərdən biri isə hamının makler kimi tanıdığı vasitəçilərdir. Hazırda Azərbaycanda, xüsusən də paytaxt Bakıda xeli sayda hüquqi və fiziki şəxs müxtəlif alqı-satqı firmalarında rieltor fəaliyyəti ilə məşğul olur.

Onların arasında öz işini beynəlxalq standartların tələblərinə cavab verəcək şəkildə quran alqı-satqı agentlikləri isə demək olar ki, yox dərəcəsindədir. Elə bunun nəticəsidir ki, maklerlərin fəaliyyəti ilə bağlı xeyli narazılıqlar var.

Bundan başqa fəaliyyətdə olan alqı-satqı mərkəzlərinin vergidən yayınması, lisenziyasız fəaliyyət göstərməsi halları da mövcuddur. Təxmini hesablamalara görə, maklerlərin gəlirlərini düzgün göstərməmələri və ümumiyyətlə vergi verməmələri nəticəsində hər ay milyonlarla manat yayındırılır. Bu halın qarşısını almaq üçün isə məsələnin qanunvericilik səviyyəsində tənzimlənməsi zəruri hesab olunur.

Ümumiyyətlə, maklerlərin fəaliyyətinin qanunvericilik əsasında tənzimlənməsi, xeyli müddətdir ki, gündəmdədir. Ekspertlər qeyd edir ki, belə bir qanunun qəbuluna çoxdan ehtiyac yaranıb. Çünki bu sahədə fəaliyyət indiyə kimi konkret qanunla tənzimlənmir: rieltorların fəaliyyəti öz əksini yalnız Mülki Məcəllədə ümumi cizgilərlə tapıb. Xüsusən də Məcəllədə broker fəaliyyətindən söz açılır. Halbuki, rieltor fəaliyyəti broker fəaliyyətindən fərqlənir. Bununla yanaşı, ekspertlər onu da bildirir ki, rieltor ixtisasının hüquqi müstəvidə tanınması olduqca vacibdir. Belə olan halda kim istədi bu fəaliyyətlə məşğul ola bilməz. Hesablamalara görə, bu sferada böyük pullar dövr edir. Ancaq həmin pulun dövriyyəsini tənzimləyən hüquqi sənəd yoxdur. Məhz bu səbəbdən maklerlərin böyük əksəriyyəti, demək olar ki, heç bir vergi ödəmir. Araşdırmalar göstərir ki, Azərbaycanda daşınmaz əmlak bazarı artıq formalaşıb. Bununla belə, qeyd olunduğu kimi, əmlak bazarı iştirakçılarının fəaliyyətini tənzimləyən hüquqi sənəd mövcud deyil. Belə qanunvericiliyin yoxluğu isə praktikada ciddi problemlər yaradır.

Əksər ekspertlər belə bir tənzimlənməyə ciddi ehtiyac olduğunu bildirir. İlk növbədə ona görə ki, müştərilərin çoxu rieltorların, maklerlərin göstərdiyi xidmətin səviyyəsindən ciddi narazılıq edir. Belə ki, daşınmaz əmlak satanlar və ya alanlar tez-tez aldanmaları, maklerlərin onlardan vəd etdiklərindən çox pul tələb etməsindən şikayətlənir. Həmçinin, elə rieltor şirkətlər var ki, təkcə bir nəfərlə fəaliyyət göstərir. Bu fəaliyyətin effektivliyi isə böyük sual altındadır.

Qeyd edək ki, rieltorların fəaliyyətilə bağlı qanun ilk dəfə Bakı Rieltorlar Assosiasiyası tərəfindən hazırlanıb. Bir neçə il əvvəl hazırlanan layihədə təklif edilib ki, professional rieltor, yəni ev alqı-satqısı ilə məşğul olanlar bunun üçün xüsusi təhsilə malik olmalıdır, bunun üçün təşkil olunan hazırlıq kurslarından keçməlidir. Sonra isə imtahan verib sertifikat almaq lazım gələcək. Qeyd edək ki, indi ev alqı-satqısı ofisi açmaq çətin deyil. Amma bu yöndə qanun qəbul olunsa, bunu etmək asan olmayacaq. Məlumdur ki, indi rieltorların əksəriyyəti müştəridən 1-2 faiz xidmət haqqı tutsa da, bəziləri ya həddən artıq yüksək, ya da aşağı haqq alır. Ekspertlər isə hesab edir ki, xidmət haqqının müəyyən həddi olmalı, məsələn bu, evin qiymətinin 1-3 faizi arasında dəyişməlidir.

Hələlik isə daşınmaz əmlak bazarını araşdıran ekspertlər də bildirir ki, rieltorların fəaliyyətinin tənzimlənməsinə ehtiyac var. Çünki əks halda bu işlə kim necə gəldi məşğul olar. Ona görə də çox vaxt müştərilər aldadılır. Yeni mexanizm olsa, o zaman rieltorlar qanunsuz fəaliyyətə maraq göstərməyəcək. Çünki məsuliyyət məsələsi aktuallaşacaq.

O da məlumdur ki, bu gün ev alqı-satqısı zamanı müştəri ilə daşınmaz əmlak sahibi arasında müqavilə bağlanmır. Bu da hüquqi müstəvidə müxtəlif problemlərin yaranmasına səbəb olur. Bu kimi problemlərə son qoymaq üçün vahid formanın qəbuluna ehtiyac var. Bunun üçün rieltor fəaliyyəti haqqında qanun layihəsinin qüvvəyə minməsi zəruridir. Hesab olunur ki, qanunvericilik qüvvəyə minəndən sonra qanunsuz mərkəzlərin açılması hallarına da son qoyulacaq. Bunlarla yanaşı, müştərilər tərəfindən səslənən şikayətlərin də sayı azalacaq. Çünki rieltor barəsində müştəridən bir neçə dəfə şikayət daxil olsa, əlaqəli qurumlar tərəfindən həmin rieltor cəzalandırılacaq və ya onun sertifikatı geri alınacaq.