İranda neft hasilatı azalır

13 Aprel 2012 20:35 (UTC+04:00)
İran hakimiyyətinin iqtisadiyyatı nüvə proqramına görə ciddi problemlərlə üzləşir. Ölkə iqtisadiyyatının əsasını neft təşkil etdiyindən, bu sahədə baş verənlər Tehrana tətbiq edilən yasaqların təsirinin sübutudur. Bu il İslam Respublikasında neft hasilatı nəzərəçarpacaq dərəcədə azalıb. ABŞ Energetika Nazirliyinin informasiya idarəsinin dəyərləndirməsinə əsasən, ölkə iqtisadiyyatına sərmayənin çatışmazlığı səbəbindən, bu il "qara qızıl"ın gündəlik hasilatı xeyli azalıb. Hazırda ölkədə orta hesabla gündə 3,42 milyon barrel neft hasil olunur. Halbuki, ötən ilin uyğun dövründə 3,55 milyon barrel neft hasil edilirdi. "İranda hasilatın azalması 2011-ci ilin sonucu rübündən müşahidə edilməyə başlayıb və bu proses davam etməkdədir" - deyə, qurumun hesabatında bildirilib.  Mütəxəssislər qeyd edib ki, xarici şirkətlərin İslam Respublikasının neft sənayesinə sərmayə qoyması ciddi şəkildə azalıb.