«Yaşıl vergi» Azərbaycana da ayaq aça bilər

20 Sentyabr 2012 08:15 (UTC+04:00)

Dünyanın inkişaf etmiş ölkələrində əhalinin sağlamlığının qorunması, sosial rifah halının yüksəldilməsi, eyni zamanda büdcə gəlirlərini artırmaq üçün ən müxtəlif vergi növlərindən istifadə olunur. Belə vergi növlərindən biri də "yaşıl vergi"dir.

Son illər Azərbaycanda ətraf mühitə zərər vuran fiziki və hüquqi şəxslərin beynəlxalq aləmdə tətbiq edildiyi şəkildə vergiyə cəlb olunması məsələsi aktuallaşıb. Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda ətraf mühitin çirklənməsi problemi çox aktualdır: "Bu, ətraf mühitə zərər vuran fiziki və hüquqi şəxslərin vergiyə cəlb olunması məsələsini aktuallaşdırır".

Onun sözlərinə görə, dünyanın bütün ölkələri ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə iqtisadi siyasət alətləri üzərində çalışırlar.

"Bu məqsədlə "yaşıl vergi" siyasəti formalaşdırılır. Ətraf mühitlə bağlı vergilər və tullantıların ticarət proqramları ən təsirli iqtisadi siyasət alətlərindəndir. Məsələn, İsveç atmosferə buraxdığı oksidləşmiş azotun miqdarı üzrə dünyada birinci yeri tutan ölkələrin sırasında idi. 1992-ci ildə bu tullantıya görə vergi tutulmağa başlandı və cəmi iki ildən sonra atmosferə buraxılan oksidləşmiş azotun miqdarı 1/3 qədər azaldı".

Məlumat üçün bildirək ki, dünyanın bir sıra ölkələrində, Çin, Yaponiya, Koreya, İspaniya, İsveçrə, Böyük Britaniya və İsraildədə "yaşıl vergi" siyasəti tətbiq olunur. Bu verginin tətbiqinin coğrafiyasının genişləndirilməsi həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tövsiyələrindən biridir. Qurum hesab edir ki, bu sahə üzrə vergiləri artırmaqla atmosferin çirklənməsini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.

Yaşıllar Partiyasının sədri, ekoloq Mais Güləliyevin sözlərinə görə, atmosferin çirklənməsinin qarşısının alınması qlobal məsələdir: "Bununla bağlı Kioto sazişi var. ABŞ və Çin kimi nəhəng dövlətlərdən başqa bir sıra ölkələr bu sazişə qoşulub. Həmin saziş ekologiyaya buraxılan sənaye tullantıları ilə bağlı limit müəyyənləşdirib. Sənaye ölkələri olan ABŞ və Çin məqsədli şəkildə həmin sazişi rədd edirlər. Düşünürəm ki, ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün ən müxtəlif üsullardan istifadə olunmalıdır. Cərimələrin artırılması, kvotanın təyin edilməsi və vergilərin artırılması. Düşünürəm ki, Azərbaycanda da "yaşıl vergi" sistemi tətbiq edilməlidir. Düzdür, ölkəmizdə sənaye müəssisələrinin sayı o qədər də çox deyil. Bu sahədən daxil olacaq vergilərin həcmi də böyük olmayacaq. Hər halda özümüzü ekologiyanın dostu kimi göstərmək istəyiriksə, biz də bu sahədə müəyyən addımlar atmalıyıq".

Ekspertin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlər, ayrı-ayrı qurumlar belə bir vergi sisteminin qəbulunda maraqlı deyillər: "Onlar "yaşıl vergi"nin tətbiqində heç cür maraqlı ola bilməzlər. Müşahidələr göstərir ki, hələlik Vergilər Nazirliyi bu sahədə fəallıq göstərir. Digər fəallıq göstərməli olan qurumların fəaliyyəti nəzərə çarpmır".