İndi də vulkan təhdidi yaranır

21 Sentyabr 2012 08:34 (UTC+04:00)

Ötən günün ən çox diqqət cəlb edən olaylarından biri də Bakıda palçıq vulkanın püskürməsi oldu. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində palçıq vulkanı püskürüb və yanğın baş verib. Hadisə yerində xeyli sayda yanğınsöndürmə briqadası göndərilib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutundan bildirilib ki, Lökbatan vulkanı dünyanın ən aktiv palçıq vulkanlarından biridir. Sonuncu dəfə onun püskürməsi 2010-cu ildə baş verib. Xəbərdə bildirilir ki, Lökbatan vulkanı yaxınlığında yaşayış olmasa da, ərazidə neft istehsalı aparılır.

İndi belə fikirlər də səslənir ki, Abşeron rayonu seysmik cəhətdən aktiv zona hesab edildiyindən ərazidəki vulkan püskürməsi zəlzələ ocaqlarını oyada bilər. Elmi araşdırmalar zamanı təsdiq olunub ki, palçıq vulkanların oyanması zəlzələ ocaqlarının aktivləşməsinə təsir göstərir. Bu və digər məsələlərə aydınlıq gətirmək üçün Geologiya İnstitutu palçıq vulkanizmi şöbəsinin rəhbəri Adil Əliyevlə söhbətləşdik.

A.Əliyev bizimlə söhbətində bildirib ki, hər il Abşeronda iki-üç palçıq vulkanı püskürür: "Palçıq vulkanı maksimum 11 ildən bir püskürür. Palçıq vulkanlarının aktivləşməsinə müxtəlif xarici və daxili faktorlar təsir göstərir. Günəş və Aydakı qabarmalar, vulkanın ətrafında aparılan tikinti işləri, neft çıxarılması və s. proseslər püskürmə üçün təkan rolunu oynaya bilər. Günəş sistemindəki aktivlik, astroproseslər əsas səbəblərdən biridir. Günəşin tutulması, havada maqnit seilinin artması, həmçinin vulkanın yerləşdiyi relyef də onun aktivliyində vacib rol oynayır".

Alimin sözlərinə görə, palçıq vulkanı da zəlzələ kimidir. Onun nə vaxt aktivləşəcəyini proqnozlaşdırmaq çətindir: "Vulkanın aktivləşməsinə təsir edən amillərdən biri də zəlzələdir.

Hər gün Xəzər dənizində yeraltı təkanlar, titrəyişlər olur. Bu da vulkanların oyanmasına təsir göstərir. Ümumiyyətlə, zəlzələ ilə vulkanın baş vermə səbəbləri arasında oxşarlıqlar çoxdur. Bu gün (dünən-red) baş verən vulkan püskürməsilə bağlı onu deyə bilərəm ki, həmin vulkan Abşeronun ən aktiv vulkanlarından biridir. Bəzən elə olur ki, o, hər il püskürür. Lökbatan vulkanının yanında yaşayış yoxdur. Elə vulkanlar var ki, onların ətrafında evlər tikilib, yaşayış var. Bizdə elə vulkanlar var ki, onlar püskürsə, yaxınlıqdakı binalar ciddi zərər görəcəklər. Gərək ev sahibləri bunu bilsinlər. Palçıq vulkanlarının həndəvərində yaşayış binalarının tikilməməsi barədə ölkə prezidentinin məlum göstərişi var. Təəssüflər olsun ki, hələ də qanunsuz tikililərə rast gəlinir".

"Lökbatan vulkanının yaxınlığında neft quyusu var, həmin quyu vulkanın oyanmasına səbəb ola bilərmi?" sualına cavab olaraq A.Əliyev qeyd etdi ki, bu mümkündür: "Geologiya elmində bu antropogen amillərin vulkanlara təsiri adlanır. Nəinki neft quyuları, hətta ev tikintisi, insanlar tərəfindən müxtəlif işlərin aparılması da yatmış vulkanları oyada bilir. Vulkan zəlzələlərə nisbətən daha həssas olur. Xırda titrəyiş onları oyada bilir. Vulkan püskürməsi isə öz növbəsində zəlzələ yarada bilir. Amma mən zəlzələ məsələləri üzrə ekspert olmadığıma görə, bu barədə danışmaq istəmirəm".

Direktor əlavə etdi ki, palçıq vulkanının püskürməsi nəinki zəlzələ ocaqlarının oyanmasına, hətta digər palçıq vulkanlarının da oyanmasına səbəb ola bilir.