“Jirinovski kimi siyasətçiləri ciddi qəbul etmək olmaz”
21 Sentyabr 2012 11:53 (UTC+04:00)
Rusiya Azərbaycanın göndərdiyi
notanı hələ cavablandırmayıb. "Azərbaycan və Rusiya arasında
ikitərəfli əlaqələrin dostluq şəraitində inkişaf etməsi fonunda bu
cür hallar əlbəttə ki, xoş təsir bağışlamır". APA-nın məlumatına görə, Azərbaycan xarici
işlər nazirinin müavini Araz Əzimov Rusiya Liberal-Demokrat
Partiyasının sədri Vladimir Jirinovskinin Moskvada mitinq zamanı
Azərbaycana qarşı terror çağırışları səsləndirməsini jurnalistlərə
belə şərh edib.
Nazir müavini bildirib ki, bu cür siyasətçiləri ciddi qəbul etməmək
lazımdır: "O tip siyasətçilər adətən hansısa səbəblərdən özləri
üçün belə bir davranış yolu seçirlər. Məncə, bu cür siyasətçiləri
ciddi qəbul etmək olmaz. Eyni zamanda həmin ölkənin hökuməti bu cür
halları ciddi qəbul etməli və onları aradan qaldırmaq üçün səy
göstərməlidir. Çünki ikitərəfli əlaqələrin dostluq şəraitində
inkişaf etməsi fonunda bu cür hallar xoş təsir
bağışlamr".
Araz Əzimov Rusiyanın bu məsələ ilə bağlı Azərbaycan tərəfinin
göndərdiyi notaya hələlik cavab vermədiyini
deyib.