Lənkəranda yol qəzası: 6 yaralı

11 İyul 2015 12:00 (UTC+04:00)

Vəziyyəti daha ağır olan 3 yaşlı Ayxan Quliyev qapalı kəllə beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib

Lənkəran rayonunun Liman-Nərimanabad-Balıqçılar yolunda çoxsaylı xəsarətlərlə nəticələnən yol qəza hadisəsi baş verib.

Movqe.az-ın məlumatına görə, yolun Nərimanabad qəsəbəsi hissəsindən keçən ərazidə sərt döngədə sürəti tənzimləyə bilməyən sürücü avtomaşını aşırıb.

Vəziyyəti daha ağır olan 3 yaşlı Ayxan Aqil oğlu Quliyev qapalı kəllə beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Daha 5 nəfər travmatalogiya şöbəsinə yrləşdirilib.

Onlardan ikisinə ambulator yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.