Korporativ Sosial Məsuliyyətə beynəlxalq təcrübə

24 Sentyabr 2012 12:43 (UTC+04:00)

Binzesin sosial məsuliyyət konsepsiyası bazar iqtisadiyyatı şəraitində müəssisənin rolunu əsaslı şəkildə dəyişir. Biznes iqtisadi inkişaf üçün yalnız əsas katalizator kimi deyil, həm də sosial sabitliyin qorunmasında bir institut kimi fəal rol oynayır.

"Korporativ sosial məsuliyyət"in (KSM) aydın, dəqiq bir şərhi yoxdur. Əksər anlayışlar KSM-i biznesin müəyyən öhdəliklərin yerinə yetirilməsi prosesində biznes və cəmiyyət arasında qarşılıqlı, faydalı əməkdaşlıq kimi xarakterizə edir. KSM ilk növbədə sosial, ekoloji, son zamanlar isə idarəetmə (investor və səhmdarlar ilə münasibətlər) məsələlərini özündə ehtiva edir. Şirkətlərin inkişaf proqramları, sosial investisiyaların həyata keçirilməsi, ətraf mühitin idarə edilməsi, yerli icma ilə əlaqələrin genişləndirilməsi və sərfəli artıma yönəlmiş kapitallaşmanın artırılması, şirkətin iqtisadi fəaliyyətiylə yanaşı, digər lahiyələrlə əlaqələrin qurulması- KSM –in yerinə yetirilməsi alətləri sırasındadır..

Qeyd edək ki, Qərbi Avropa və Amerika biznesin sosial məsuliyyət anlayışının qanunverici modelinə malikdir. Bu müasir yanaşma əsasında ilk dəfə bu termini Amerikalı iqtisadçı Q. Bovenin özünün 1953-cü ildə çap olunan "Biznesin sosial məsuliyyəti" kitabında işlətmişdir. Bovenin fikrincə, biznesmenlər elə qərar qəbul etməli, fəaliyyət xətti izləməli, siyasət həyata keçirilməlidirlər ki, bu cəmiyyətin məqsəd və dəyərlərinə uyğun olsun.

Sosial-əməkdaşlıq KSM fenomeninin kökləri muzdlu işçilər, biznes və hökümət arasında münasibətlərə qədər gedir. KSM üzrə beynəlxalq təcrübələrin təhlili sosial əməkdaşlığı 3 növə ayırmağa imkan verir ki, bunlardan da hər biri KSM –in ölkə modelini meydana çıxarır.

· Birinci qrup (Belçika, Hollandiya, Finlandiya, İsveç) ölkələrdə sənaye, ayrı-ayrı şirkətlər səviyyəsindəki sosial və əmək münasibətləri dövlətin fəal iştirakıyla tənzimləyirlər;

· İkinci qrup (ABŞ, Kanada, Yaponiya, Latın Amerikası, inglisdilli Afrika ölkələri) ölkələrdə – müəssisə səviyyəsində sənaye və daha aşağı səviyyədə isə sosial- əmək münasibətlərinin tənzimlənməsi ilə xarakterizə olunur. Hökümətin rolu qanun və qaydaları, təlimatları, tələbləri qəbul etməkdir. Şimali Amerikada sahibkarlar sosial- əmək münasibətləri prosesinə müdaxilə etmirlər, lakin fəal olaraq qanunların qəbul olunması və siyasətin formalaşması prosesində yaxından iştirak edirlər;

· Üçüncü qrup (qismən Böyük Britaniya, Avstriya, Almaniya, Fransa ) ölkələr - əvvəlki iki növün xüsusiyyətlərini özündə birləşdirir. Belə ki, sosial bazar iqtisadiyatının alman konsepsiyasının təsisçisi olan L.Erharda görə dövlət sosial-əmək münasibətlərinə müdaxilə edir, amma işəgötürənlər və həmkarlar ittifaqlarının müxtariyyəti qorunub saxlanılır.

Qlobal iqtisadi böhranı bütün ölkələrdə şirkətlərin iqtisadi və sosial fəaliyyətlərində dəyişikliklərin baş verməsinə səbəb olur. Demək olar ki, maliyyyə resurslarının çatışmamazlığı səbəbiylə sosial məsuliyyət fəaliyyyətinin bir hissəsi kimi KSM modeli transformasiyaya məruz qalır. Prioritetlər bütün mümkün üsullarla böhran yaşayan şirkətlər tərəfindən müəyyən edilir. Bir çox müəssisə və maliyyə institutları kömək üçün dövlətə müraciət etməyə məcbur olurlar.

Bunu da qeyd etmək lazımdır ki, böhran şəraitində biznesin cəmiyyət qarşısında ən mühüm öhdəliyi olan yüksək əmək haqlı iş yerlərinin yaradılması və saxlanılması artıq çətin məsələyə çevrilir.

Belə vəziyyətdə bəzi müəsissələr iş yerlərinin ixtisarı və əmək haqlarının azaldılmasına üstünlük verirlərsə, başqaları isə insan resursları itkisinin qarşısını almaq üçün yeni yollar axtarır. Bir sıra sosial məsuliyyətli şirkətlər çox vaxt sosial və ekoloji proqramları təxirə salmaqla, daha çox iş yerlərini qorumağa çalışırlar.

Azərbaycan kimi ölkələrdə vətəndaş cəmiyyətinin tam şəkildə təşkil olunmaması, ictimai fəallığın aşağı olması könüllü KSM üzrə sosial məsuliyyətli davranışların dövlət tərəfindən tənzimlənməsini zəruri edir.

Belə vəziyyətdə dövlət sosial məsuliyyətli korporasiyaları təşviq etmək üçün sosial cəhətdən məsuliyyətli investisiya fondlarının inkişafını, KSM sahəsində ixtisaslı kadrlarının yetişdirilməsinin stimullaşdırılmasını, vergi güzəştlərini və digər stimullaşdırıcı vasitələrlə təmin etməlidir. Müasir şəraitdə KSM konsepsiyasının əsas problemi şirkətlərin strateji idarəetmə funksiyası və davamlı inkişaf hədəfləri ilə KSM-in sosial hesabatlarının kommunikativ funksiyasıyla əlaqələndirilməsidir. Bu gün KSM həm dünyada, həm də ölkəmizdə bizneslə hökümət arasında əlaqələrin möhkəmləndirilməsi baxımından da ictimai diqqət mərkəzindədir. Fəal iş qaydaları və onların tənzimlənməsi, iş nəticələrinin ictimai nəzarət problemi və onların xarici mühitə təsiri, sosial tərəfdaşlar və dialoq qaydaları çox fəal müzakirə olunur. İndiyədək biznesin sosial rolunun müəyyənləşdirilməsi üçün diametral yanaşmalar var. Bir ümumi şərh isə kapital, gəlir və vergilərin ödənilməsi üçün korporativ sosial məsuliyyət anlayışıdır. Digər ümumi görüş korporativ sosial məsuliyyətə uyğun olaraq birbaşa işlə bağlı olmayan ictimai işlərə davam edən xeyriyyə proqramlarında iştirakın miqyasıyla qiymətləndirmədir.

Biznesin sosial rolunun müəyyən olunmasının əsasında ən yaxşı beynəlxalq və milli təcrübə hökümətlər tərəfindən hesabatlılıq tələbləriylə dəstəklənən inam dayanır. Bu aşağıdakilardan ibarətdir: iqtisadi, sosial və ekoloji amillərlə birləşən şirkətlərin davamlı inkişafı, biznes riskinin azadılması, rəqabət qabiliyyətinin artırılması, işçi və müştəri loyallığı səmərəliyinin yaxşılaşdırılması, şirkətlərin nüfuzunun artırılması, ölkənin davamlı iqtisadi və sosial inkişafına biznesin ictimaiyyətə müsbət töhfəsi ilə nəticələnir.

Korporativ sosial məsuliyyət strategiyasının əsasında fəaliyyət- bir çox elementlərdən ibarət prosesdir:

· Korporativ idareəetmənin keyfiyyətinin yaxşılaşdırılması, davamlı inkişaf prinsiplərinin həyata keçirilməsi istiqamətində təşkilatın idarəetmə sistemlərinin reallaşması;

· Sistematik olaraq öz maraq dairəsinin qorunması və risklərin azadılması əsasında maraqlı tərəflərlə qarşılıqlı əməkdaşlığın təşkili;

· Korporativ məsuliyyətin başlıca istiqamətləri üzrə müəyyənləşmiş məqsəd, siyasət, vəzifələr və tədbirlər sisteminin formalaşdırılması;

· Fəaliyyətin şəffaflığının və informasiyanın açıqlığının artırılması, həmçinin maraqlı tərəflərin kütləvi məlumatlandırılması və qeyri maliyyə risklərinin idarə olunması aləti kimi könüllülük əsasında qeyri- maliyyə (sosial) hesabatlarının hazırlanması və s.

Belə yanaşma şirkətə idarəetmə sistemini yeniləşdirməyə, inkişaf kursunu dəqiqləşdirməyə və öz fəaliyyətinin səmərəliyini yaxşılaşdirmağa imkan yaradır. Təşkilat orqanları və öz növbəsində biznesin inkişafına müsbət təsir göstərən yerli icma, sosial dialoq və qarşılıqlı səmərəliliyinin artırılmasıyla bağlı əlavə öhdəlikləri üzərinə götürür.

Müasir şəraitdə sosial inkişafla iqtisadi inkişafı özündə təmin edən biznes, səmərəli və davamlı ola bilər. Bu gün rəqabətqabiliyyətlilik yalnız təbii və maliyyə resursları, aktivlərin məhsuldarlığıyla ölçülmür, həm də insan resurslarıyla ölçülür ki, bu keyfiyyət də müəssisənin əsas rəqabət üstünlüyü kimi meydana çıxır. Sosial investiyaların struktur və səmərəliliyi şirkətin inkişaf strategiyası məsələsidir. Müəssisələr heyətin yüksək təhsil və ixtisaslaşması, əmək səraitinin yaxşılaşdırılması, işçilərin sosial müdafiəsinin təmini, bölgələrdə sosial problemlərin həll edilməsi üçün nəzərəçarpacaq miqdarda vəsait xərcləyirlər ki, bunu öz bizneslərinin tərkib hissəsi və korporativ məsuliyyətin ayrılmaz elementi kimi başa düşürlər. Bu da biznesin əsas məsələsinin uğurlu inkişafinı təmin edir.