2013-cü ilin dövlət büdcəsində Azərbaycan neftinin qiyməti 80 dollar olacaq

24 Sentyabr 2012 12:58 (UTC+04:00)
Azərbaycan hökuməti 2013-cü ildə neftin dünya bazarındakı qiymətləri və onun ölkə iqtisadiyyatına təsiri ilə bağlı maksimum ehtiyatlı siyasət yürütmək niyyətindədir.
"APA-ECONOMICS"in məlumatına görə, gələn il dövlət büdcəsində neftin proqnoz qiyməti 80 dollar nəzərdə tutulub.
Qeyd edək ki, dövlət büdcəsində neftin proqnoz qiyməti 2012-ci ildə də 80 dollar nəzərdə tutulsa da, sonradan büdcəyə edilən dəyişikliklər nəticəsində bu rəqəm 100 dollara qaldırılıb və hazırda büdcədə neftin proqnoz qiyməti 100 dollardır.
Dünya bazarında Azərbaycan neftinin bu ilin ilk 8 ayı üzrə orta qiyməti təqribən 114,98 dollar təşkil edib. Başqa sözlə, hazırda dünya bazarında neftin qiyməti büdcədəki proqnoz qiymətindən 15 dollar, gələn il üçün proqnozlaşdırılan qiymətdən isə 35 dollar yüksəkdir. Bunun səbəbi neft qiymətləri məsələsində hökumətin maksimum ehtiyatlı siyasət yürütmək niyyəti ilə bağlıdır.