Rəfsəncaninin oğlu İrana qayıdıb

24 Sentyabr 2012 16:53 (UTC+04:00)
İran Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncaninin oğlu Mehdi Haşimi sentyabrın 23-də yerli vaxtla 19.30-da ölkəyə qayıdıb.APA-nın "Fars" xəbər agentliyinə istinadən məlumatına görə, M. Haşimini Tehran hava limanında qardaşları ilə birlikdə ailənin vəkili, eyni zamanda prokurorluq nümayəndəsi və təhlükəsizlik qüvvələri qarşılayıb.
Sabiq prezidentin oğlunun həbs olunduğu xəbəri yayılsa da, ailənin vəkili Seyid Mahmud Əlizadə Təbatəbai belə bir şeyin baş vermədiyini bildirib. Onun sözlərinə görə, M. Haşimi Tehran hava limanındakı müvafiq proseduru tamamlandıqdan sonra ata evinə gedib. Məlumata görə, Tehran prokurorunun müavini hava limanında Mehdi Haşimiyə cinayət işi açıldığını deyərək, onun dilindən 24 saat içərisində özünü prokurorluğa təslim edəcəyinə dair iltizam alıb.
Qeyd edək ki, İranda 2009-cu ildəki mübahisəli prezident seçkisindən sonra kütləvi iğtişaşların nəticələnməsi ilə keçirilən aksiyaların təşkilində günahlandırılan M. Haşimi Böyük Britaniyaya qaçmışdı.