Vergi dərəcələrində mühüm dəyişikliklər gözlənir

25 Sentyabr 2012 08:16 (UTC+04:00)


Məlum olduğu kimi mövcud Vergi Məcəlləsinə edilməsi nəzərdə tutulan dəyişikliklər fonunda isə vergilərin bəzi növləri üzrə dərəcələrin azaldıla biləcəyinə dair artıq müəyyən müddətdir ki, cəmiyyətdə məlumatlar dolaşır. Lakin konkret olaraq hansı vergi dərəcələrinin azaldılacağına dair hələlik heç bir məlumat verilmir. Bununla belə, əksər ekspertlər hesab edir ki, vergi dərəcələrinin aşağı salınmasına ehtiyac var.

İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, dünayada vergiqoyma ilə bağlı iki model var: "Onlardan biri ingilisdilli ölkələrin tətbiq etdiyi vergi modelidir. Digəri isə fransız modelidir. Fransız modeli də adətən Avropa Birliyi ölkələrində tətbiq edilir. Azərbaycanda tətbiq edilən model qarışıq sistemdir. Amma daha çox fransız modelinə yaxındır. Bununla belə vergi sisteminə müəyyən dəyişiklərin edilməsi və eyni zamanda vergilərin azadılması və yeni verginin tətbiq edilməsi lazımdır. Əvvəla əlavə dəyər vergisi (ƏDV) indiki halda iqtisadiyyatda müəyyən disbalans yaradır. ƏDV iqtisadiyyatın istehlak sferasında müəyyən problemlərin yaranmasına səbəb olur. O baxımdan ƏDV-nin satış vergisi ilə əvəz edilməsi daha məqsədəuyğundur. Faktiki olaraq satış vergisini tətbiq etməklə əvvəla ƏDV-nin dərəcəsini azaltmaq mümkündür. İkincisi, bu, vergi satış zamanı tətbiq olunduğundan ikili vergiqoyma və digər problemlərin aradan qaldırılmasına gətirəcək. Ona görə də bir daha təkrar edirəm ki, ƏDV-nin satış vergisi ilə əvəzlənməsi məqsədəuyğundur. Bundan başqa sosial vergilərin birləşdirilməsi və yalnız bir verginin tətbiq edilməsi də lazımdır. Çünki, bu, şirkətlərdə sosial ödənişlərlə bağlı vəziyyəti stimullaşdırır. Bu gün vətəndaşlar fiziki şəxs kimi vergi verir, eyni zamanda şirkət də 22 faiz sosial vergi də ödəyir. Bundan başqa məşğulluq və pensiya fonduna sosial ayrılmalar da var. Ona görə də bütün bunları birləşdirərək bir sosial verginin verilməsi daha məqsədəuyğundur".

Vüqar Bayramovun sözlərinə görə, vergi sistemində yalnız dərəcələrin azaldılması yetərli deyil: "Eyni zamanda yeni vergiqoymanın, vergilərin bəzilərinin birləşdirilməsi lazımdır. Bu da ümumilikdə biznesin stimullaşdırılması və vergi sisteminin təkmilləşməsinə xidmət etmiş olacaq".

Digər iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, vergilərin azaldılması istiqamətində addımların atılması gözləniləndir: "Çox güman ki, müəyyən azalmalar istiqamətində addımlar atılacaq. Amma büdcənin real iqtisadiyyatdan gələn vergidən formalaşmasında tək vergilərin azaldılması çıxış yolu deyil. Əlbəttə ki, bu lazımi addımdır. Amma buna paralel olaraq büdcədə problemlərin yaranmaması üçün digər bəzi addımların da atılması vacibdir. Ən əsası isə rəqabətli mühit daha da inkişaf etdirilməlidir ki, vergilərin azaldılması biznes mühitinin yaxşılaşdırılmasına xidmət etsin".

Ekspert bildirdi ki, hökumət ƏDV-dən azad etdiyi bir neçə sahələr olub: "Taxıl və un məmulatlarının, bəzi avadanlıqların ölkəyə gətirildiyində, toyuq və mal-qara yemi və s. yerli istehsala təşviqə kömək məqsədi ilə müəyyən vaxtlarda ƏDV - dən azad olunub. Müəyyən sahələrdə bu tipli addımlar atılıb. Bundan sonra isə ƏDV-nin miqdarının azaldılması istehlakçılar üçün çox lazımlı addım olacaq. Ən azından ona görə ki, belə olanda qiymətlərin aşağı düşməsi baş verəcək".

O vurğulayır ki, gəlir vergisinin azaldılması bir neçə dəfə səsləndirilmiş təklifdir: "Çox güman ki, bu, qəbul olunacaq. Gəlir vergisi büdcənin ümumi gəlir icmalında çox az çəkiyə malikdir. Onun aşağı salınması büdcənin formalaşmasında ciddi problem yaratmayacaq. Lakin maaş alan insanların gəlirlərinin artmasına səbəb olacaq"

Ekspert investisiya yönümlü vergi sisteminin yaradılması məsələsinə də toxunaraq bildirdi ki, bu, tək vergi qanunverciliyi, Vergi Məcəlləsi ilə tənzimlənən məsələ deyil: "İnvestisiya yönümlü vergi sisteminin qəbul olunması normal təklifdir. Amma tək vergi sisteminin investisiya yönümlü olması problemi həll etmir. Ölkədə ümumi rəqabətli mühit daha yaxşı səviyyəyə çatmalıdır ki, investisiya cəlb olunmasına kömək etsin. Yəni, hökumət kompleks proqramı hazırlamalıdır. Bunun tərkibində vergi güzəştləri və yaxud da investisiya yönümlü vergi sistemi, həm də rəqabətli mühitin yaxşılaşdırılması olmalıdır. Rəqabətli mühit olmadıqda investisiyaların tək vergi yolu ilə cəlb olunması problemli görünür. Ona görə də hökumət bu yöndə investisiyayönümlü ümumi təşviq proqramı hazırlamalıdır. Bunun da bir tərkibi kimi vergi siyasəti mütləq olmalıdır".
Ölkəmizdə investisiya vergilərinin tətbiqi son illər ciddi şəkildə müzakirə edilsə də, bu sistemi real olaraq tətbiq etmək hələlik mümkün olmayıb.