Bakıda beynəlxalq media konfransı keçirilir -FOTOLAR

25 Sentyabr 2012 18:50 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, bu gün Bakıda "Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar" adlı beynəlxalq konfrans işə başlayıb. Konfrans Azərbaycan Jurnalist Həmkarlar İttifaqı (JuHİ) tərəfindən icra olunan "Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan" layihəsi çərçivəsində Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə keçirilir. Tədbiri giriş sözü ilə açan JuHİ-nin rəhbəri Müşfiq Ələsgərli konfransın mahiyyətindən söz açdı. Sonra söz alan qonaqlar mövzu ilə bağlı fikirlərini bölüşdülər. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli dövlət-media münasibətlərinə toxundu. Onu fikrincə Azərbaycan hökuməti medianın azadlığı və sərbəstliyi üçün kifayət qədər uğurlu işlər görüb.

Günün ikinci yarısı panellərlə davam edən konfransa moderatorluğu Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) rəhbəri Azər Həsrət edib.

Əsas çıxışçı - Britaniya Milli Jurnalistlər Birliyinin eksperti Arjuman Vajidin "Levesondan öyrənilmiş dərslər" barədə konfrans iştirakçılarına təqdimatı olub.
Tədbirdə həmçinin Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlunun da çıxışı dinlənilib. O, "şəxsi həyatın qorunması və media: mövcud durumun təhlili" mövzusunda danışıb.
Qeyd edək ki, konfrans sabah da öz işini davam etdirəcək. Tədbirdə Azərbaycanda media azadlığı və təhlükəsizliyi, mövcud durum və yeni çağırışlar, ictimai yayım sahəsində yeni çağırışlar, demokratik medianın inkişaf etdirilməsində jurnalist ittifaqlarının rolu və sair mövzular müzakirə olunacaq. Sabahkı panellərdə yerli və xarici media ekspertlərinin müxtəlif mövzular üzrə çıxışları planlaşdırılır.