“Hələ də hədə məktubları alırıq”
25 Sentyabr 2012 19:59 (UTC+04:00)
"Hələlik təhlükəsizlik tədbirləri yalnız
Macarıstan tərəfindən görülür. Ramil Səfərovun
ekstradisiyasından bir neçə gün əvvəl bu ölkənin Daxili İşlər
Nazirliyi Azərbaycan səfirliyinin binası və səfirin iqamətgahı
qarşısında 24 saatlıq mühafizə təşkil edib. Hazırda bu mühafizənin
daha uzunmüddətli olması ilə bağlı danışıqlar aparırıq".APA-nın xəbərinə görə, bunu YAP-ın saytına
müsahibəsində Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev
deyib.
O bildirib ki, macar polisi eyni zamanda həm də səfirlik
əməkdaşlarının yaşadıqları binaları nəzarətə götürüb: "Bizə daxil
olan hədə xarakterli elektron məktublar və zənglər barəsində dərhal
Macarıstan tərəfini məlumatlandırırıq. Bütün belə təsadüflərdə
onların reaksiyası son dərəcə professional və operativ olur. Erməni
terror təşkilatları Azərbaycanın yalnız Macarıstanda deyil, digər
ölkələrdəki səfirliklərini də hədəfə götürə bilərlər. Ona görə də
xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinin bu günlərdə
öz işini başa çatdıran toplantısında diplomatlarımızın
təhlükəsizliyinin təmin olunması məsələsi bir qədər epizodik
şəkildə də olsa, müzakirə edildi. İnanmaq istərdik ki, vəziyyətin
ciddiliyi nəzərə alınaraq, bu istiqamətdə ən qısa zamanda operativ
və səmərəli tədbirlər hazırlanacaq və həyata keçiriləcək".
V. Quliyev hədə məktubları aldıqlarını da vurğulayıb: "Biz hədə
məktubları almışıq və alırıq: "Hətta müəyyən təxribat əməllərinin
həyata keçirilməsini istisna etmirik. Lakin bu bizi qorxutmur. İlk
hədə məktubu alındıqdan sonra mən səfirliyimizin kiçik kollektivini
topladım, onlara son dərəcə diqqətli və ehtiyatlı davranmaları ilə
bağlı ətraflı təlimat verdim. Eyni zamanda tərəddüd hissi
keçirənlərin, mürəkkəb situasiyada Budapeştdə qalıb fəaliyyətini
davam etdirmək istəməyənlərin ən qısa zamanda Bakıya qayıtmalarına
şərait yaradacağımı bildirdim. Lakin heç kim qayıtmaq fikrini yaxın
buraxmadı. Azərbaycan dövləti öz vətəndaşlarını qorumağa qadirdir.
Bu da ASALA-nın və digər erməni terror təşkilatlarının təhdidləri
qarşısında bizim ən güclü silahımızdır".