Azərbaycanlılar xaricdə daha çox mənzil almağa başlayır

26 Sentyabr 2012 08:38 (UTC+04:00)

Azərbaycanda daşınmaz əmlakın qiymətinin kifayət qədər baha olması barədə indiyə qədər yetərincə məlumat verilib. Lakin görünən mənzərə odur ki, qiymətlər hələ də ucuzlaşmağa doğru getmir və bunun nəticəsidir ki, xaricdə, xüsusən də qonşu Türkiyədə daşınmaz əmlak alan azərbaycanlıların sayı artır.

Perspektivdə isə onların sayı daha da arta bilər. Təəccüblü deyil ki, Bakıdakı daşınmaz əmlakın qiyməti ölkəmizə gələn turistlərin belə təəccübünə səbəb olur. Müqayisə üçün Bakıya qonşu olan Sumqayıt şəhərində evlər qat-qat daha ucuzdur.

Yəni əgər qiymətlərdən danışsaq, bu məlumatlardan çıxış edərək, demək olar ki, həmin Avropa ölkələrində daşınmaz əmlak Bakı ilə müqayisədə daha ucuz olmalıdır. Ekspertlər qeyd edir ki, əgər sizin xaricdə ev almaq arzunuz varsa, amma bunu etmək üçün maddi vəsaitə sahib deyilsinizsə, onda ipoteka krediti götürə bilərsiniz. Bu asan proses deyil, amma onun gerçəkləşdirilməsi kifayət qədər mümkündür. Əslində hər şey göründüyündən daha sadədir. Bundan əlavə bir çox azərbaycanlılar artıq ölkə xaricində özünə mülk almağa müyəssər olublar və bu belələrinin sayı daima artır.

Əlbəttə, xaricdə ev alan imkanlı şəxs və milyonçular ilə adi gəlirləri ortadan nisbətən yüksək olan vətəndaşlar ilə müqayisə etmək olmaz, birincilər üçün elit təbəqəyə məxsus daşınmaz əmlak almaq və bundan ötrü vəsait sərf etmək heç bir problem törətmir. Amma qeyd edək ki, onların hər ikisi Avropada mənzil almağa olduqca meyllidir və bu istək getdikcə daha da aktivləşir. Bunun əsas səbəbi isə hazırda Avropa İttifaqının yaşadığı iqtisadi böhrandır. Işsizlik artır, Avropa üzrə orta işsizlik göstəricisi artıq 10%-ə çatıb. Amma ayrı-ayrı ölkələrdə vəziyyət daha da pisdir, məsələn, Yunanıstanda artıq 23% vətəndaş işsiz qalıb, İspaniyada isə bu rəqəm daha böyük 25%-dir. Bütün bunlar pisdir, digər tərəfdən isə bu amil, əcnəbiləri, o cümlədən azərbaycanlıları məhz belə ölkələrdə mənzil olmağa ruhlandırır - çünki qiymətlər burda qalxmır, əksinə aşağı düşür. İspaniyada azmərtəbəli yeni tikili binalarda sahəsi 60 kvadratmetr olan təmirli və mebellə təchiz edilmiş mənzili 60 min avroya almaq mümkündür. Hazırda Avropanı öz cənginə almış İqtisadi böhran əcnəbi müştəriləri banklar üçün əvvəlki dövrlər ilə müqayisədə daha cəlbedici edib. Yəni İspaniya bankında hər hansı bir xarici vətəndaş üçün kredit rəsmiləşdirmək indi daha asan prosesdir. Baxmayaraq ki, tələblər yenə də həmişəki kimi olduqca yüksəkdir. Bundan əlavə kreditlərin qaytarılmaması təhlükəsi böyüdüyündən İspaniya bankları faiz dərəcələrini artırıblar. Əgər əvvəllər bu göstərici 2-3% arasında dəyişirdisə, indi Avropa meyarlarıilə nəhəng hesab olunan 6%-lik səviyyəyə gəlib çatıb. Amma Azərbaycan banklarının təklifi ilə müqayisədə bu daha sərfəlidir.

Əlbəttə ki, Avropada İspaniyadan başqa ölkələr də vardır. Əgər bir mənzilin qiyməti 30 min avroya sizə baha görünürsə və siz daha ucuz mənzil tapmaq istəyirsinizsə, onda diqqətinizi Almaniyaya yönəltməyə dəyər. Bütün birləşmiş Avropa iqtisadiyyatını öz dəmir çiyinləri üzərində saxlayan bu ölkə daşınmaz əmlak inanılmaz dərəcədə ucuzdur. Böyük və mənzərəli şəhərlərdə Avropa meyarları ilə olduqca münasib qiymət hesab olunan 8-10 min avroya yaxşı mənzillər almaq mümkündür. Daha bahalı variantlar da vardır. Əgər sizi Almaniyada daşınmaz əmlak almaq maraqlandırıbsa və siz kreditə mənzil almağa qərar vermisinizsə, banka bu sənədləri təqdim etməli olacaqsınız: gəlirlər haqqında arayış, xarici pasport, alı-satqı müqaviləsi və sizin ödəmə qabiliyyətində olduğunuzu təsdiq edəcək bank hesabından çıxarılış. Düzünə qalsa bu elə də çox deyil. İlkin ödəniş bu zaman məbləğin 20-30%-ni təşkil edəcək. Digər sözlərlə Almaniyada yaşamaq üçün elə də çox pul lazım deyil.

Bundan əlavə "banker" portalının məlumatına görə, qonşu və qardaş Türkiyə variantını da nəzərdən keçirmək olar. Dilini anladığımız və eyni dindən olduğumuz bu ölkədə həmvətənlərimiz daha çox məskən salmağa meyllidir. Türkiyə coğrafi baxımdan da olduqca əlverişli mövqedə, Avropa və Asiyanın qovşağında yerləşir. Bundan əlavə Türkiyə əla kurort ölkəsidir və yerləşdiyi regionda bu aspektdə, xüsusi ilə də rusiyalı turistlər arasında olduqca populyardır. Çimərlik mövsümünü xüsusi sevən əcnəbilər Türkiyədə özlərinə şəxsi mənzil almağa üstünlük verir, belə ki, onlar bu ölkəni hər il ziyarət etməkdən doymurlar. Burada mənzilin qiyməti 25-30 min avroya bərabərdir. Söhbət 2-3 otaqlı, çimərlik sahillərindən çox da uzaqda yerləşməyən gözəl apartamentlərdən gedir. Düzdür, ilkin ödənişin bir az çox 30-40% olması sizi qorxuda bilər. Amma ilik faiz dərəcələrinin 8-9% olması hər şeyi kompensasiya edir.

Düzdür, bu, Avropa ittifaqında olduğundan daha yüksəkdir, amma Azərbaycanda olduğundan daha aşağıdır. Həmçinin də qeyd etmək lazımdır ki, xarici ölkələrin vətəndaşları üçün bu göstərici daha yüksək ola bilər. Türkiyədə kredit almağa müraciət etmək üçün bu sənədləri təqdim etmək tələb olunur: gəliri təsdiq edən sənəd, pasportun tərcüməsi və notarial qaydada təsdiq olunmuş sürəti, həmçinin əmək kitabçasının bir nüsxəsi. Azərbaycanda olduğu kimi, Türkiyə bankları da heç bir səbəbə izah gətirmədən, kredit verməkdən imtina edə bilər. Amma hətta yox desələr belə ümidsizliyə qapılmağa dəyməz, Türkiyədə bank çoxdur və seçim şansınız lazım olduğundan da artıqdır.