Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılışı olub

26 Sentyabr 2012 18:11 (UTC+04:00)

Sentyabrın 26-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılış mərasimi keçirilib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlət başçısı universitetin yeni tədris kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və bu ali təhsil ocağının Bakı filialının rektoru Nərgiz Paşayeva Azərbaycan prezidentinə və xanımına məlumat veriblər ki, yeni kompleksin tikintisinə 2010-cu ilin iyununda başlanıb. Yeddi korpusun, dörd yataqxananın daxil olduğu tədris kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunub. Dövlət başçısı və xanımı universitetin beş mərtəbədən ibarət yeni binasının müasir tədris avadanlığı ilə təchiz edilmiş auditoriyalarında, zəngin kitabxanasında, konfrans zalında, yeməkxanasında, tələbə mərkəzində, "13 müdriklər klubu"nda yaradılmış şəraitlə tanış olublar.

Azərbaycan prezidenti İlham Əliyev, daha sonra Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və bu ali təhsil müəssisəsinin Bakı filialının rektoru Nərgiz Paşayeva çıxış ediblər.

Universitetin müəllim-tələbə heyəti dövlət başçısı və xanımı ilə xatirə şəkli çəkdirib.

Azərbaycan Prezidenti yeni kompleksdə yaradılmış şəraitdən razılığını bildirib.