Manatın dollara təzyiqi artır

28 İyul 2015 10:30 (UTC+04:00)

Ölkədə dollar satışının həcmi artır. Belə ki, cari ilin may ayı ərzində Azərbaycanda nağd ABŞ dolları ilə mübadilə əməliyyatları zamanı adıkeçən valyutaya tələbin azaldığı müşahidə olunub. May ayında əhali tərəfindən xalis dollar alışı 83,173 milyon dollar təşkil edib. Aprel ayı ərzində xalis dollar satışı 1 milyard 142,7 milyon dollar olub. Yəni may ayında xalis alış bir ayda 1 miylard 059,6 milyon dollar və ya 92,7% azalıb. Analoji proses növbəti aylarda da davam edib.

İqtisadçı-ekspert Yusif Vəliyev hesab edir ki, buna səbəb son aylar manat-dollar münasibətlərində müəyyən qədər sabitliyin yaranmasıdır: "Hansı ki, dolların sürətli olaraq qalxması nəticəsində əhali bir neçə aydan sonra dolların məzənnəsinin bir qədər dəyişəcəyini gözləyirdi. Ancaq son 6 ayda dollar – manat məzənnələrində ciddi dəyişikliyik olmadı. Bu səbəbdən də hazırda əhali qazanc məqsədi ilə əldə etdikləri dolları manat çevirməyə üstünlük verir. Bu, həm günlük tələbatın ödənlməsi baxımıdan həyata keçirilir, həm də manatın güvən qazanmasındandır. Digər tərəfdən, əhali arasında Avropa Oyunlarından sonra dollar yenidən bahalaşacağı haqqında şayələr yayılmışdı. Hansı ki, hazırda bunun şahidi olmuruq. İnsanlar bu gün qazanc əldə etmək məqsədi ilə dolları manata çevirirlər. Ancaq dollar satışı artarsa, valyuta səbətində problem yarana bilər. Məzənnəyə gəldikdə isə, manatın kursunun bundan sonra ciddi dəyişəcəyi proqnozlaşdırılımır".

Digər iqtisadçı-ekspert, İctimai Maliyyə Monitorinq Mərkəzinin sədri İnqilab Əhmədov bildirdi ki, hazırda ölkədə dollara tələbatda sabitlik yaranıb: "Dolların satışının artmasını əsasən iki səbəblə izah etmək olar. İlk olaraq onu bildirək ki, Mərkəzi Bank sıx monetar siyasətə keçib. Bununla da əhalinin əlində olan sərbəst manat kütləsi xeyli azalıb. Bu isə əldə olan manatın dollara çevrilməsi sürətini azaltdı. İnsanlar gündəlik tələbatını ödəmək baxımından əldə olan manatı dollara çevirmir.

Digər səbəb odur ki, manata olan inam artıb. İnsanlar yenidən devalvasiya gözləyəcəyi bir vaxtda manat məzənnəsini saxlayıb. Bu baxımdan dolların manata çevrilməsi artıb. Artıq Mərkəzi Bakın rezevrlərində də artım müşahidə edilir. Mərkəzi Bank bu cür siyasətini davam etdirərsə, dollarlaşma səviyyəsi azalar. Ən əsası bu, ölkə iqtisadiyyatına müsbət təsir edəcək".