Azərbaycanda elektron viza sisteminin tətbiqinə başlanılacaq

28 İyul 2015 13:20 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Azərbaycanda elektron-vizanın alınması prosesinin tam elektronlaşdırılmasına ehtiyac var. Tezliklə "Elektron hökumət" portalının tərkibində elektron-viza sistemi tətbiq olunacaq.

Bu barədə "Elektron-hökumət" portalının operatoru olan Məlumat Hesablama Mərkəzindən məlumat verilib. Qeyd edilib ki, vətəndaşlara 421 növdə elektron-xidmət göstərən "Elektron hökumət" portalının tərkibində immiqrantlar üçün yeni bölmənin yaradılması planlaşdırılır. Gələcəkdə bu bölmənin funksiyaları genişləndirilərək Azərbaycana gələn əcnəbilər üçün hətta ünsiyyət platforması da təqdim oluna bilər.

Hazırda ölkəmizdə e-viza Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi saytında http://www.mfa.gov.az anket təqdim edilir. E-viza anketini iki dildə - ingilis və Azərbaycan dillərində tamamlamaq mümkündür. Elektron-viza 3 həftə dəyərləndirildikdən sonra immiqrantın anketdə göstərdiyi elektron poçt ünvanına PDF formatında göndərilir. Bundan sonra isə immiqrant əldə etdiyi vizaya möhür vurdurmaq üçün aidiyyəti quruma yaxınlaşmalıdır.

Bildirilir ki, dünya təcrübəsində miqrasiya prosesinin sadələşdirilməsi məqsədilə aidiyyəti saytlarda viza üçün sorğu anketi təqdim edilir. E-viza sorğu anketində immiqrantın fərdi məlumatları ilə yanaşı, səfərin məqsədi və müddəti qeyd olunur. Həmçinin, xarici pasportun surəti yüklənilir, vizanın növü, turistik, işgüzar (biznes), rəsmi səfər, təhsil, müalicə, şəxsi (qohum və ya dostların ziyarəti), tranzit, idman yarışlarında iştirakı da qeyd edilir.

Viza üçün tələb olunan dövlət rüsumu sayt üzərindən plastik kartlar vasitəsilə elektron şəkildə ödənilir. Müəyyən edilən zaman ərzində (3-5 iş günü, Avropa ölkələrində 14 gün) anketdə göstərilən elektron ünvana verilən vizanın təsdiqi barədə bildiriş göndərilir. Bəzi ölkələrdə isə eyni informasiya link şəklində mobil telefona göndərilir.