Rəqabət Məcəlləsinin qəbulu ləngiyir

30 İyul 2015 10:45 (UTC+04:00)

Azərbaycanda qəbulu uzun müddətdir ləngiyən qanun layihələrindən biri də Rəqabət Məcəlləsidir. Müvafiq layihənin parlamentə təqdim olunmasından 8 il ötsə də, hələ də o, Milli Məclisdə üçüncü oxunuşdan keçməyib. Halbuki, qiymətlərin tənzimlənməsi və ucuzlaşma baxımından sözügedən məcəllənin qəbulu vacib sayılır.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli də düşünür ki, haqqında danışılan məcəllənin qəbulunda çox gecikirik: "Uzun müddətdir ki, məcəllə iki oxunuşdan keçib. Ancaq son oxunuşun olmamasının obyektiv və subyektiv səbəbləri mövcuddur. Əvvəlki oxunuşlardan sonra ələqədar qurumlar layihəni geri aldılar. Müəyyən müddətdən sonra geri qaytarmalı idilər. Təəsüflər ki, bu olmadı. İndi isə hər sessiyada Rəqabət Məcəlləsi gündəliyə salınır. Keçən sessiyada gündəliyə salınmışdı. Plenar iclasa isə çıxarılmayıb. Belə məlumatlar da var ki, Rəqabət Məcəlləsinin üzərində İqtisadiyyat və Sənaye Nazirliyində iş gedir. Müəyyən məsələlər beynəlxalq təşkilatlarla razılaşdırılır. Hələlik bu məcəllənin Milli Məclisin plenar iclasına çıxarılmasına rəy verilməyib. Lakin çox işlər təmin olunub".

Yuxarıda qeyd olunduğu kimi, Azərbaycanda inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi yönündə hazırlanan Rəqabət Məcəlləsi Milli Məclisdə iki oxunuşda qəbul edilib. Ancaq uzun müddətdir Rəqabət Məcəlləsinin üçüncü oxunuşda müzakirəsi bütövlükdə qəbulu baş tutmur. Artıq sözügedən məcəllənin gecikməsində obyektiv səbəblərlə yanaşı subyektiv səbəblərin olduğu da iddia edilir.

Rəqabət qanunvericiliyi üzrə mütəxəssis, hüquqşünas Eldar Qocayev bildirdi ki, Rəqabət Məcəlləsinin qəbulunun gecikməsinin müxtəlif səbəbləri mövcuddur: "Birinicisi, bu, özlüyündə bir hüquqi sənəd kimi çətin qanunvercilikdir. Azərbaycanın hələlik rəqabətlə bağlı bir təcrübəsi yoxdur. Hətta akademik səviyyədə belə bunu bilən adamların sayı azdır. Onu nəzərə almaq lazımdır ki, rəqabət qanunverciliyi ölkənin biznes mühitinə təsir edən amildir. Yəni, yalnız iqtisadi, hüquqi məsələ deyil. Eyni zamanda siyasi və dərin sosial nəticələr doğuran hadisədir. Ona görə də digər məcəllər kimi asan qəbul edilmir. Eyni zamanda deyə bilərik ki, maraqları tərəflər də var. Çünki, məcəllər cəmiyyətin birbaşa gələcək sosial-iqtisadi quruluşuna istiqamət verir".

Eldar Qocayev vurğuladı ki, bu gün hökumət məcəllənin belə qəbul oluna bilməzliyini anlayır: "Çünki, məcəllə bu vəziyyətdə qəbulu edilərsə, mövcud qanunverciliyin ("Antiinhisar haqqında", "Təbii inhisar haqqında" və "Haqsız rəqabət haqqında") təkrarı olacaq. O baxımdan məcəllənin yenidən işlənilməsi vacibdir. Bütün bunlar nəzərə alsaq, Rəqabət Məcəlləsi "çiy"dir".